Azərbaycan basketbolu avrokubok estafetini futboldan qəbul edir. Ölkəni Avropa arenasında ilk təmsil edəcək komanda Azərbaycan çempionatının gümüş medalçısı “LANDAU Lions” olacaq.
Azərbaycan klubu Çempionlar Liqasındakı debütünü təsnifat mərhələsindən başlayacaq. “Şirlər” bu gün, sentyabrın 14-də Bolqarıstanın Samokov şəhərində neytral meydançada oynayacaq. Rəqib isə kifayət qədər ciddidir - Latviyanın “VEF Riqa” klubu ölkəsinin ən titullu komandalarından biri olmaqla yanaşı, Çempionlar Liqasının daimi iştirakçısıdır.
Çempionlar Liqasının təsnifat mərhələsi pley-off mini-turnirləri formatında keçirilir. “LANDAU Lions” – “VEF Riqa” cütünün qalibi “Opava” – “Dziki Varşava” qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək. Bundan sonra yarımfinal və final oyunları keçiriləcək. Qrup mərhələsinə yüksəlmək üçün ardıcıl dörd matçda qalib gəlmək lazımdır. Ümumilikdə təsnifat mərhələsindən əsas mərhələyə iki komanda vəsiqə qazanacaq.
Bununla belə, “LANDAU Lions”un məğlubiyyəti onun avrokubok mövsümünün başa çatması demək olmayacaq. Klub artıq FİBA Avropa Kubokunun əsas mərhələsində iştirakını təmin edib. Bu halda Azərbaycan komandası “Bakken Birs”, “Benfika”, “Dənizli”, “Cenevrə” və təsnifat cütlərindən birinin qalibinin yer aldığı G qrupuna düşəcək.
“VEF Riqa”nın da belə sığortası var. Məğlubiyyət halında Latviya klubu FİBA Avropa Kubokunun H qrupunda mübarizə aparacaq. Üstəlik, “Parnu” – “Neftçi” təsnifat cütünün qalibi də məhz bu qrupa düşəcək. Beləliklə, müəyyən ssenaridə “VEF Riqa” bu payız Azərbaycan klubu ilə yenidən qarşılaşa bilər.
Amma bugünkü oyuna qayıtsaq, “LANDAU Lions”u şanssız hesab etmək qətiyyən olmaz.
Komandanın heyətində ötən mövsümkü avrokubok kampaniyasının ən yaxşı üç bombardiri – Ceyms Freyzer, De’Ondre Cekson və Gediminas Orelik qalıb. Xüsusilə Freyzer fərqlənib: o, bütün Avropa kampaniyası ərzində orta hesabla 21,5 xal toplayıb və 7,1 məhsuldar ötürmə edib. Birbaşa qrup mərhələsində isə onun göstəricisi matç başına 24,1 xala yüksəlib. Nəticədə Freyzer müntəzəm mövsümün ən yaxşı bombardiri və 26,8 effektivlik əmsalı ilə ən məhsuldar oyunçusu olub.
Azərbaycan millisinin üzvü Saadəddin Donata da komandada qalıb. O, ötən mövsüm “şirlər”in heyətində Avropada da çıxış edib və, məsələn, “Anortosis”lə ilk oyunda 16 xal və 10 ribaundla yadda qalıb.
Məşqçilər korpusu da dəyişməyib. Erhan Toker artıq üçüncü mövsümünü komandanın baş məşqçisi kimi keçirir, onun köməkçisi isə Anar Hacıyev olaraq qalır. Məhz bu sabitliyi “VEF Riqa”nın baş məşqçisi Yevgeni Kоsuşkin də xüsusi qeyd edib. O, Latviya mətbuatına açıqlamasında “LANDAU Lions”un əsas oyunçularını və baş məşqçisini qoruduğunu, buna görə də komandanın bir-birinə uyğunlaşmaq üçün daha az vaxta ehtiyac duyacağını vurğulayıb. O, həmçinin Azərbaycan komandasını lazımınca qiymətləndirməməyin doğru olmadığını, çünki heyətdə çox sayda legionerin çıxış etdiyini bildirib.
Bununla belə, Azərbaycan klubu heyəti qorumaqla kifayətlənməyib və bir neçə transfer həyata keçirib. Onlardan biri “Neftçi”nin sabiq oyunçusu Edvard Polayt-kiçikdir. O, ötən mövsüm FİBA Avropa Kubokunda orta hesabla 11,3 xal və 7,2 ribaund toplayıb, meydandan atışların təxminən 51 faizini dəqiq yerinə yetirib. Digər yeni oyunçu pleymeyker Jordan Perkinsdir. O da artıq Azərbaycanda çıxış edib. 2024/25 mövsümündə “Naxçıvan”ı təmsil edən basketbolçu ABL-də məhsuldar ötürmələr üzrə lider olub. Nəhayət, 20 yaşlı, 215 santimetr boyunda mərkəz oyunçusu Arnas Sakenis NBA Yay Liqasında “Mayami Hit”in heyətində çıxış edib.
Beləliklə, ötənilki “Abşeron Lions”la indiki “LANDAU Lions”u müqayisə etsək, kağız üzərində komanda güclənib. Ən əsası isə mövsümə sıfırdan başlamağa ehtiyac qalmayıb.
“VEF Riqa”da isə vəziyyət demək olar ki, tam əksinədir.
“VEF Riqa” böyük tarixə malik klubdur. Müasir komanda 2007-ci ildə bərpa edilib, lakin klubun özü tarixini 1958-ci ildən götürür. Yenidən qurulduqdan sonra “VEF” Latviya basketbolunun dominant qüvvəsinə çevrilib: klub 12 dəfə ölkə çempionu olub, 2021-2025-ci illərdə isə ardıcıl beş mövsüm titul qazanıb.
Lakin son mövsüm Riqa təmsilçisi üçün uğursuz keçib. Çempionlar Liqasında komanda qrupdan çıxa bilməyib, daxili çempionatda isə uzun müddətdən sonra ilk dəfə medalsız qalıb. Bürünc medal uğrunda seriyada “Riqas Zelli”yə 1:2 hesabı ilə uduzub.
Bundan sonra klub ciddi yenidənqurmaya başlayıb. Üstəlik, dəyişikliklər təkcə strukturla məhdudlaşmayıb, heyətin demək olar ki, hamısı yenilənib.
“VEF Riqa”nın Çempionlar Liqasının təsnifat mərhələsində iştirakı özü artıq qeyri-adi görünür: əvvəllər klub, bir qayda olaraq, əsas turnirə birbaşa vəsiqə qazanırdı. Riqalıların Çempionlar Liqasındakı ən yaxşı nəticəsi 2020/21 mövsümündə olub. Həmin vaxt onlar ilk qrup mərhələsini ikinci pillədə başa vurublar, daha sonra isə ikinci qrup mərhələsində mübarizəni dayandıraraq turnirin ən yaxşı 16 komandası sırasına daxil olublar.
Lakin hazırkı “VEF”i yalnız ötən mövsümün nəticələri əsasında qiymətləndirmək düzgün olmazdı. Çünki klub faktiki olaraq yeni əsas heyət formalaşdırıb.
Yeni transferlər arasında amerikalı pleymeyker Jordan Sirs və Kaleb Esberri xüsusilə seçilir. Sirs ötən mövsüm Almaniyanın ikinci Bundesliqasında “Göttingen”də çıxış edib. O, matç başına 15,8 xal toplayıb, pley-offda isə bu göstəricini 20,5-ə çatdırıb. Esberri isə 2026-cı ildə Yeni Zelandiya çempionu olub. O, “Southland Sharks”ın heyətində orta hesabla 20,1 xal toplayıb və 4,9 məhsuldar ötürmə edib.
Məşqçilər korpusunda da dəyişikliklər baş verib. Daha əvvəl “VEF”də köməkçi məşqçi kimi çalışan Kоsuşkin yayda komandanın baş məşqçisi təyin olunub. Məşqçilər korpusuna bir neçə təcrübəli mütəxəssis də cəlb edilib, Arturs Şenhofs isə idman direktoru olub. Klubun mövsüm üçün büdcəsinin 2 milyon avrodan çox olduğu açıqlanıb. Buna görə də layihəni regional miqyasda belə kiçik adlandırmaq olmaz.
“VEF” yeni mövsümə hazırlığa hələ iyulun sonunda başlayıb. Komanda keçirdiyi dörd yoxlama oyununda üç qələbə qazanıb: “Latvijas Universitet” üzərində 96:61, Litvanın “Nevejis”i üzərində 84:76 və “Şyaulyay”a qarşı 95:88. Riqalıların yeganə məğlubiyyəti isə hazırkı Litva çempionu “Ritas”a qarşı olub – 78:86.
Beləliklə, mövsümə tamamilə fərqli yollarla hazırlaşan iki komandanın maraqlı qarşıdurması alınır. “LANDAU Lions” əsas heyətini və məşqçilər korpusunu qoruyub, eyni zamanda nöqtəvi gücləndirmələr edib. “VEF Riqa” isə demək olar ki, tam yenidənqurma yolunu seçib.
Bu gün Bakı vaxtı ilə saat 15:15-də hansı yanaşmanın daha effektiv olduğu məlum olacaq. Ən əsası isə Azərbaycan basketbolu üçün yeni avrokubok mövsümünün hansı ritmdə başlayacağı bəlli olacaq.
