Azərbaycanın “Sabah” basketbol klubunun ABŞ-li oyunçusu Frenki Fidlər FIBA Çempionlar Liqasının dördüncü turunun rəmzi beşliyinə daxil edilib.
İdman.Biz xəbər verir ki, basketbolçu bu ada komandasının Fransa təmsilçisi “Nanter 92”yə qarşı ev oyunundakı çıxışına görə layiq görülüb. Bakı klubu həmin qarşılaşmada 87:80 hesabı ilə qələbə qazanıb.
Fidlər matçda 18 xal toplayıb, 5 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin 2 top ələ keçirib. O, üçxallıq atışların 4 cəhdindən 3-nü dəqiq yerinə yetirib. Basketbolçunun faydalılıq əmsalı 21 olub.
“Sabah”ın oyunçusu ilə yanaşı, Tay Nikols (“Peristeri”), Lester Medford (“Hapoel Holon”), Brendon Encel (“Alba Berlin”) və Corce Topoloviç (“İqokea”) də rəmzi beşliyə daxil ediliblər.
Bu basketbolçuların hamısı həftənin ən yaxşı oyunçusu adına da namizəddir. Qalib azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək. FIBA nəticəni Basketbol Çempionlar Liqasının sosial şəbəkə hesablarında açıqlayacaq.
