“Sportinq” tanınmaz halda: “Gəncə”nin tarixi qələbəsi Portuqaliyada şok yaratdı - İDMAN.BİZ-in İCMALI

30 Oktyabr 2026 11:26
132
“Sportinq” tanınmaz halda: “Gəncə”nin tarixi qələbəsi Portuqaliyada şok yaratdı - İDMAN.BİZ-in İCMALI

“Gəncə” basketbol klubunun FIBA Avropa Kubokunda Lissabon “Sportinq”i üzərində qazandığı tarixi qələbə (69:67) Portuqaliya idman mediasında geniş müzakirələrə səbəb olub. Yerli mətbuat Azərbaycan komandasının turnirdə rəqibinə ilk məğlubiyyətini yaşatmasına və avrokuboklarda ilk qələbəsini qazanmasına təəccübünü gizlətməyib.

İdman.Biz xəbər verir ki, qarşılaşmaya ən emosional reaksiyalardan birini nüfuzlu “A Bola” nəşri verib. Qəzet matçla bağlı materialını “Tanınmaz hala düşən “Sportinq” Avropada heç vaxt qalib gəlməmiş komandaya uduzdu” başlığı ilə dərc edib.

“Sportinq” hücumda əvvəlki oyunlarından fərqli təsir bağışlayıb, tez-tez səhvlərə yol verib və boş fürsətləri dəyərləndirə bilməyib. Bu isə “Gəncə”yə sürətli hücumlardan 23 xal qazanmaq imkanı verib. Nəticədə Lissabon təmsilçisi oyunun böyük hissəsini hesabda geri düşmüş vəziyyətdə keçirib”, – deyə nəşr yazıb.

Jurnalistlər Portuqaliya klubunun çoxsaylı səhvlər etdiyini, hətta əlverişli mövqelərdən də dəqiq atışlar yerinə yetirə bilmədiyini vurğulayıblar. “Gəncə” isə rəqibin zəif cəhətlərindən səmərəli istifadə edib. Azərbaycan komandasının üstünlüyü bir məqamda 13 xala çatıb.

“Matçın son saniyələrində Portuqaliya komandası qələbəni təmin etmək imkanı qazansa da, növbəti dəfə dəqiq atış edə bilməyib və rəqibinə Avropa yarışlarında tarixində ilk qələbəsini qazandırıb”, – deyə “A Bola” qeyd edib.

Populyar idman portalı “Zerozero”nun reaksiyası da diqqət çəkib. Nəşr “Gəncə”nin qarşılaşmanın böyük hissəsində portuqaliyalılardan üstün olduğunu və qələbənin meydandakı oyunun məntiqi nəticəsi kimi qiymətləndirildiyini bildirib.

“Matçın son anlarında “Sportinq” hələ də qələbə qazana bilərdi. Lakin görüşün böyük hissəsində rəqibindən geri düşən komandanın son saniyələrdə vurduğu üçxallıq atış hədəfə çatmadı”, – deyə nəşr yazıb.

Jurnalistlər Azərbaycan komandasının baş məşqçisi Murat Dikmenin fəaliyyətinə də xüsusi diqqət yetiriblər. Onların fikrincə, mütəxəssisin ikinci periodda götürdüyü fasilə qarşılaşmanın dönüş nöqtələrindən biri olub.

“Bu fasilədən sonra Azərbaycan komandasının aqressivliyi, xüsusilə müdafiədə və ribaund mübarizəsində fəallığı artdı. Bu da “Sportinq”in hücumlarına ciddi təsir göstərdi”, – deyə “Zerozero” vurğulayıb.

Üçüncü periodda meydan sahibləri Lissabon klubunun oyunun gedişini dəyişmək cəhdinə ardıcıl üç dəqiq üçxallıq atışla cavab verərək yenidən təşəbbüsü ələ alıblar. Portuqaliya jurnalistləri “Gəncə”nin üstünlüyünü düzgün qoruduğunu və rəqibə uzun müddət oyuna nəzarəti ələ keçirməyə imkan vermədiyini qeyd ediblər.

Portuqaliyanın Sport TV telekanalı isə “Sportinq”in FIBA Avropa Kubokunda ardıcıl üç qələbədən sonra Azərbaycana gəldiyini, lakin “Gəncə”nin müqavimətini qıra bilmədiyini xatırladıb.

“İlk periodda üstünlüyü əldən verən “Sportinq” görüşün sonuna qədər bir daha hesabda önə keçə bilmədi”, – deyə telekanal bildirib.

Sport TV Azərbaycan klubunun üç basketbolçusunun çıxışını xüsusi fərqləndirib. Bakari Kamara 18 xal və 10 ribaundla dabl-dabl edib. Ksavyer Rouds 18, Kobi Meqi isə 15 xal toplayıb.

“Onlar bu qələbəyə layiq idilər”, – deyə nəşr “Gəncə”nin amerikalı legionerlərinin oyununu dəyərləndirib.

“Sportinq”in çıxışlarını işıqlandıran ixtisaslaşmış “Leonino” portalı isə qarşılaşmanın dramatik sonluğuna diqqət çəkib. Nəşr materialını “Sportinq” son hücumda hər şeyi əldən verdi və Avropada ilk məğlubiyyətini aldı” başlığı ilə yayımlayıb.

Jurnalistlər Portuqaliya təmsilçisinin son saniyələrə qədər məğlubiyyətdən xilas olmaq şansının olduğunu, lakin bundan istifadə edə bilmədiyini yazıblar. Bu nəticə Lissabon klubunun C qrupundakı liderliyini də itirməsi ilə nəticələnib.

Beləliklə, Portuqaliya mətbuatının rəylərində ortaq məqam diqqət çəkir: “Sportinq” uğursuz oyun keçirib, lakin “Gəncə”nin qələbəsi yalnız rəqibin səhvləri ilə bağlı olmayıb. Azərbaycan klubu rəqibinə öz oyununu qəbul etdirib, üstünlüyünü qoruyub və tarixi qələbəyə imza atıb. Bu nəticə FIBA Avropa Kubokunun IV turunun ən böyük gözlənilməzliklərindən biri kimi qiymətləndirilib.

İdman.Biz