Azərbaycanın “LANDAU Lions” klubunun basketbolçusu Ceyms Freyzer FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb.
İdman.Biz xəbər verir ki, G qrupunun IV turunda Türkiyənin “Dənizli Basket” komandası ilə keçirilən görüşdə ABŞ-li müdafiəçi 41 xal toplayıb. O, 14 üçxallıq atışdan səkkizini dəqiq yerinə yetirib. Qarşılaşma Azərbaycan təmsilçisinin əlavə vaxtda 94:88 hesablı qələbəsi ilə başa çatıb.
Freyzer oyunda həmçinin doqquz ribaund, yeddi məhsuldar ötürmə və beş top oğurluğu ilə yadda qalıb.
Bu nəticə ABŞ-li basketbolçuya FIBA Avropa Kuboku tarixində bir oyunda ən çox xal toplayan oyunçular arasında ikinci yeri Tre Qolden və Devid DeCuliusla bölüşməyə imkan verib. Hər iki basketbolçu da bir görüşdə 41 xal toplayıb.
Qolden 2020-ci ilin martında Türkiyənin “Bahçeşehir” klubunda çıxış edərkən Latviyanın “Ventspils” komandası ilə oyunda bu nəticəyə imza atıb. DeCulius isə 2026-cı ilin aprelində İspaniyanın “UCAM Mursiya” klubunun heyətində Yunanıstanın PAOK komandası ilə yarımfinal mərhələsinin cavab qarşılaşmasında 41 xal toplayıb.
Turnirin rekordçusu isə ABŞ-li basketbolçu Trazarien Uaytdır. O, 2026-cı il oktyabrın 6-da Polşanın “Zastal” klubunun heyətində Macarıstanın “Solnoki Olaj” komandası ilə görüşdə 43 xal toplayıb. Həmin qarşılaşma Polşa təmsilçisinin 90:80 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Dənizli Basket” üzərində qələbə “LANDАU Lions” üçün cari avrokubok mövsümündə ilk uğur olub. Bu, həm də hazırkı mövsümdə FIBA Avropa Kubokunun qrup mərhələsində Azərbaycan klublarının qazandığı ilk qələbədir.
Dörd turdan sonra “LANDАU Lions”un hesabında bir qələbə və üç məğlubiyyət var. Beş xal toplayan komanda G qrupunda sonuncu – altıncı yerdə qərarlaşıb. Eyni xala malik Slovakiyanın “Prievidza” klubu daha yaxşı top fərqinə görə beşinci pillədədir.
“LANDАU Lions” növbəti oyununu noyabrın 4-də Lissabonda Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.
