“LANDAU Lions”un baş məşqçisi: “Bu qələbə ən çox ehtiyac duyduğumuz anda gəldi”

28 Oktyabr 2026 23:59
50
“LANDAU Lions”un baş məşqçisi: “Bu qələbə ən çox ehtiyac duyduğumuz anda gəldi”

Azərbaycanın “LANDAU Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunun qrup mərhələsinin dördüncü turunda Türkiyənin “Dənizli Basket” komandası üzərində qazanılan 94:86 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis əlavə vaxtda başa çatan gərgin qarşılaşmada komandasının məğlubiyyətlər seriyasına son qoymasından məmnunluğunu ifadə edib.

“Avrokuboklarda əvvəlki oyunumuzu əlavə vaxtda uduzmuşduq, bu dəfə isə əksinə, qalib gəlməyi bacardıq. Qarşılaşmaya Gediminas Orelikin meydana çıxmaya biləcəyini nəzərə alaraq hazırlaşmışdıq. Lakin o, sonda fədakarlıq göstərdi və ayağı tam sağalmasa da, oynamaq istədi. Hamımız bu qələbəni çox istəyirdik”, - deyə Toker bildirib.

Baş məşqçinin sözlərinə görə, qələbədə həlledici amil komandanın müdafiədə uğurlu çıxışı olub:

“Rəqib çox güclü idi və bizi çətin oyunun gözlədiyini bilirdik. Qalib gəlmək üçün xüsusilə yüksək səviyyədə çıxış etməliydik. Hücum potensialımız həqiqətən yaxşıdır, amma bu dəfə müdafiədə də əla oynadıq. Məhz bunun sayəsində qələbə qazandıq. Əks halda, belə güclü basketbolçuların öhdəsindən gəlmək çox çətin olardı. Oyunçularımız öz səviyyələrini yoxlamaq istəyirdilər və biz bunu əvvəlcədən müzakirə etmişdik. Doğma meydanda oynamağımız da kömək etdi”.

Toker zədəli olmasına baxmayaraq meydana çıxan Orelikə və digər basketbolçulara təşəkkür edib. O, ardıcıl məğlubiyyətlərin komandaya psixoloji təsir göstərdiyini də etiraf edib:

“İlk növbədə, zədəsinə baxmayaraq meydana çıxan Gediminas Orelikə, eləcə də bütün digər oyunçularımıza təşəkkür etmək istəyirəm. İlk qələbəmizə çox sevinirik. Avropada ardıcıl məğlubiyyətlər səbəbindən təzyiq hiss edirdik. Bu qələbə məhz ona ən çox ehtiyac duyduğumuz anda gəldi”.

Mütəxəssis komandanın qarşıdakı hədəflərinə də toxunub:

“Məqsədimiz həm ölkə çempionatında, həm də Avropa turnirlərində mümkün qədər yaxşı çıxış etməkdir”.

Qeyd edək ki, “LANDAU Lions” “Dənizli Basket”i 94:86 hesabı ilə məğlub edərək FIBA Avropa Kubokunun cari mövsümündə ilk qələbəsini qazanıb.

İdman.Biz