“Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı öz əlindədir”.
Bu barədə Azərbaycan təmsilçisinin oyunçusu Mindauqas Suşinskas deyib.
31 yaşlı basketbolçu komandasına inandığını bildirib.
“Hazırda hər şey öz əlimizdədir. Növbəti mərhələyə yüksəlmək şansımız qarşıdakı oyunlarda göstərəcəyimiz performansdan asılıdır. İnanıram ki, uğurlu çıxışı davam etdirərək yeni qələbələr qazana bilərik”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Litvalı oyunçu birinci qrupunun üçüncü turunda ötən gün Milli Gimnastika Arenasında Fransanın “Nanter 92” kollektivini məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün yaxşı matç alındı. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Nəticə bizim üçün son dərəcə vacib idi. Oyuna istədiyimiz kimi başlamasaq da, mübarizəni dayandırmadıq, sona qədər əzmkarlıq göstərdik. Hesab edirəm ki, görüşün böyük hissəsində oyuna nəzarət edən tərəf biz idik. Bu matç bizim üçün həlledici əhəmiyyət daşıyırdı. Qalib gəlib mübarizəni davam etdirmək, yaxud məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansımızı, demək olar ki, itirmək təhlükəsi ilə üz-üzə idik. Sevinirəm ki, vacib qələbə qazanaraq yenidən mübarizəyə qayıtdıq. Ümid edirəm ki, bu tempi qoruyub saxlayacaq, qarşıdakı oyunlarda da bir və ya iki qələbə qazanaraq qrup mərhələsini uğurla başa vurmaq şansımızı artıracağıq”.
Suşinskas öz çıxışı barədə də danışıb:
“Hər zaman komandama mümkün qədər faydalı olmağa çalışıram. Mənim üçün əsas olan şəxsi göstəricilər deyil, komandanın uğurudur”.
Xatırladaq ki, Azərbaycan çempionu birinci turda səfərdə “Ritas”a (Litva) 73:82, II turda “Trabzonspor”a 83:100 hesabı ilə uduzub. “Sabah” A qrupunda dörd xalla ikinci pillədə qərarlaşıb. Birinci sıradakı “Trabzonspor”un və üçüncü mövqedəki “Nanter 92”nin də 4 xalı var. “Ritas” 3 xalla (iki oyun keçirib) sonuncudur.
