Lazar Spasiç: “Beynəlxalq arenada bilməlidirlər ki, “Sabah” məhz belə görünür” - VİDEO

27 Oktyabr 2026 23:17
108
Lazar Spasiç: “Beynəlxalq arenada bilməlidirlər ki, “Sabah” məhz belə görünür”

“Sabah”ın baş məşqçisi Lazar Spasiç basketbol üzrə Çempionlar Liqasının A qrupunun üçüncü turunda Fransanın “Nanter 92” klubu üzərində qazanılan 87:80 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu nəticənin onun məşqçilik karyerasında Çempionlar Liqasındakı ilk qələbəsi olduğunu vurğulayıb.

“Oyun çox çətin idi. Amma bu, karyeramda Çempionlar Liqasındakı ilk qələbəmdir. Buna görə məşqçilərə, oyunçulara, komandama təşəkkür edirəm. Onlar mənə xüsusi bir gün yaşatdılar. Hədəflərimiz böyük idi. Ölkə və klub basketbolu üçün böyük nailiyyətlər əldə etmək məqsədilə işimizi addım-addım düzgün qurmağa çalışırdıq. Bu, həmin nəticələrdən biridir. “Nanter” Fransanın ikinci klubu və Çempionlar Liqasının ən güclü klublarından biridir. Bu, xüsusi nəticədir.

Mənim üçün bu nəticə çox xüsusi, əlamətdardır. Buna görə təkcə komandama deyil, məşqçilər korpusuna da təşəkkür edirəm. Onlar mənə çox dəstək olurlar, biz komandaya böyük ambisiyalarla gəlmişik. Məğlubiyyətlər oldu. Onlardan sonra üzərimizdə təzyiq var idi. Amma məğlubiyyətləri unutmaq və komandanı növbəti oyunlara hazırlamaq üçün gecələr yatmırdıq. Biz böyük hədəflər üçün gəlmişik. Addım-addım irəliləyirik”, - deyə Spasiç bildirib.

Baş məşqçi böyük hədəflər dedikdə nəyi nəzərdə tutduğunu da izah edib. O, ilk növbədə azarkeşlərin dəstəyini xüsusi qeyd edib:

“Əvvəlcə əlavə edim ki, azarkeşlərə də təşəkkür edirəm. Onlar arenada möhtəşəm atmosfer yaratdılar. Böyük ambisiyalara gəlincə, mən Almaniyadan gəlmişəm, orada çox ciddi liqa var. Əlbəttə, bu, həm ölkə çempionatında titul qazanmaq, həm də oyunu sayəsində “Sabah”ın Avropada tanınmasıdır... Biz Azərbaycan basketbolunu elə səviyyədə təmsil etməliyik ki, beynəlxalq arenada bilsinlər: “Sabah” məhz belə görünür. Ola bilsin, Çempionlar Liqasında beş-altı oyun keçirəcəyik, bəlkə də növbəti mərhələyə yüksələcəyik. İndi deyə bilmərəm. Böyük hədəflər deyərkən komandamın beynəlxalq arenada tanınmasını nəzərdə tuturam. Amma hər şey baş verə bilər. Hədəflərimizə doğru addım-addım irəliləyirik”.

Spasiç klub rəhbərliyinin cari mövsüm üçün qarşıya qoyduğu konkret vəzifələri də açıqlayıb:

“Ölkə çempionluğu və Kubokda qələbə. Çempionlar Liqasında isə digər güclü rəqiblərlə rəqabət apara bilən komanda olmaq. Komandam ən güclü klublarla mübarizə aparacaq, biz rəqabətədavamlı kollektiv formalaşdıracağıq”.

Mütəxəssis yeni transfer Orxan Aydının çıxışını qiymətləndirərkən digər yerli basketbolçuların niyə oyun vaxtı almadığına da aydınlıq gətirib:

“Yerli basketbolçular həmin dəqiqələrdə oynamaq hüququnu qazanmalıdırlar. Şirzad Şirzadov, Kamran Məmmədov, Əndar Poladxanlı belə matçlarda meydana çıxmağa hazır deyillər. Biz 10-11 basketbolçu arasında rotasiya edirik. Çempionlar Liqası ciddi turnirdir və burada oynamaq üçün buna layiq olmaq lazımdır. Orxan Aydına gəlincə, o, ən vacib yerli basketbolçulardan biridir. Uzun müddət Türkiyədə çıxış edib. Amma mən hansısa bir basketbolçunu fərqləndirməyi sevmirəm. Orxandan razıyam, onun adına sevinirəm”.

Baş məşqçi Tacuan Eycinin meydana çıxacağı təqdirdə qələbənin daha asan qazanıla biləcəyi fikri ilə də razılaşıb:

“Razıyam. Çünki o, çox güclü basketbolçudur. Noyabrda komandaya qayıdacaq. Yəqin ki, “Trabzonspor”la oyunda meydanda olacaq”.

Spasiç “Ritas”a 73:82, “Trabzonspor”a isə 83:100 hesablı məğlubiyyətlərlə müqayisədə “Nanter 92” üzərində qələbənin səbəblərinə də toxunub. O, rəqiblərin maliyyə imkanlarının daha geniş olduğunu vurğulayıb:

“Bu, ən çətin qrupdur. Burada titullu klublar var. “Ritas”la oyun haqqında dəfələrlə danışmışam: həmin matçda yaxşı oynadıq. “Trabzonspor”a qarşı isə yaxşı oyun göstərə bilmədik. Klub bizə lazımi maliyyə dəstəyi ayırıb. Amma əsas rəqiblərimizin büdcəsi dörd-beş dəfə çoxdur. Bu çətin yolda çatışmazlıqlarımız və məğlubiyyətlərimiz daha çox keyfiyyətlə bağlıdır. Ona görə də uduzduq. Amma klub qarşımıza hər oyunda qalib gəlmək öhdəliyi qoymayıb. Biz hər matça qələbə üçün çıxırıq, lakin həmişə qalib gəlmək öhdəliyimiz yoxdur”.

İdman.Biz