ABŞ-li basketbolçu Maykl Ertel komandasının bu gün FIBA Çempionlar Liqası çərçivəsində Fransanın “Nanter 92” klubuna qarşı keçirəcəyi ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Maykl Ertel İdman.Biz-ə açıqlamasında rəqibin güclü tərəflərindən danışıb.
“Rəqib güclü komandadır və hazırda yaxşı formadadır. Heyətində bizə problem yaradacaq dinamik oyunçular var. Bundan əlavə, “Nanter” müdafiədə çox inamlı təsir bağışlayır”, - basketbolçu deyib.
Ertelin sözlərinə görə, “Sabah” hələlik özünün həqiqi potensialına uyğun basketbol nümayiş etdirmir. Bununla belə, o, komandanın turnirin növbəti mərhələsinə yüksəlmək uğrunda mübarizə apara biləcəyinə inanır.
“Biz hələ ən yaxşı oyunumuzu göstərmirik. Bu komandaya inanıram və daha yaxşı oynamağa qadir olduğumuzu bilirəm. Bu gün bunu sübut etmək üçün əla fürsətimiz olacaq. Əlbəttə, növbəti mərhələyə yüksələ biləcəyimizə inanırıq. Bunun öhdəsindən gələ bilərik. Çətin qrupa düşmüşük, amma bir neçə qələbə növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparmağımıza imkan verəcək. Bu baxımdan bugünkü matç böyük əhəmiyyət daşıyır”, - ABŞ-li basketbolçu bildirib.
Çempionlar Liqasının vacib oyununa hazırlıq “Sabah”ın ölkə çempionatında ilk məğlubiyyətini aldığı dövrə təsadüf edib. Bir neçə gün əvvəl Bakı klubu “Naxçıvan”a 83:88 hesabı ilə uduzub. Ertel həmin qarşılaşma barədə də fikirlərini bölüşüb.
“Rəqibin haqqını vermək lazımdır - onlar möhtəşəm oyun keçirdilər. Bu, bir daha sübut edir ki, hər matça hazır olmalı və lazımi düzəlişlər etməliyik. Müdafiədə ciddi çətinliklərlə üzləşdik, hücumda isə təşkilatlanma çatışmırdı”, - basketbolçu fikrini yekunlaşdırıb.
Qeyd edək ki, “Sabah” - “Nanter 92” matçı bu gün Milli Gimnastika Arenasında keçiriləcək və saat 20:00-da başlayacaq. Bu, Bakı klubunun FIBA Çempionlar Liqasının cari mövsümündə üçüncü oyunu olacaq. “Bayquşlar” daha əvvəl Litvanın “Ritas” klubuna (73:82) və Türkiyənin “Trabzonspor” komandasına (83:100) məğlub olublar.
Üçüncü tur öncəsi A qrupuna dörd xalla “Trabzonspor” başçılıq edir. “Nanter 92” və “Ritas”ın hərəyə üç xalı var. “Sabah” isə iki xalla sonuncu pillədə qərarlaşıb.
Qrupun qalibi birbaşa 1/8 finala yüksələcək. İkinci və üçüncü yerləri tutan komandalar pley-in mərhələsində mübarizəni davam etdirəcəklər. Qrupu dördüncü pillədə başa vuran klub isə turnirdəki çıxışını dayandıracaq.
