FIBA Çempionlar Liqasında Azərbaycanın “Sabah” klubunu məğlub edən Türkiyənin “Trabzonspor” komandası qrup mərhələsini birinci pillədə başa vurmağı qarşısına məqsəd qoyub.
Idman.Biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Səlçuk Ernak mövsümə uğurlu başlanğıcı dəyərləndirərkən bildirib.
“Trabzonspor” Türkiyə çempionatında və Çempionlar Liqasında keçirdiyi altı oyunun beşində qələbə qazanıb. Komanda ölkə çempionatında dörd qarşılaşmanın üçündə qalib gəlib, yalnız “Beşiktaş”a 81:90 hesabı ilə uduzub.
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyasının(FIBA) Çempionlar Liqasında debüt mövsümünü keçirən Trabzon təmsilçisi turnirə iki ev qələbəsi ilə başlayıb. Əvvəlcə Fransanın “Nanter” klubunu 93:83 hesabı ilə məğlub edən komanda daha sonra Azərbaycanın “Sabah”ına 100:83 hesabı ilə qalib gəlib.
Ernakın sözlərinə görə, komanda oyununu inkişaf etdirməyə davam edir. Bununla belə, zədəli Şakil Harrisonun yoxluğu məşqçilər korpusu üçün ciddi itkidir.
Mütəxəssis bildirib ki, qrup mərhələsini lider başa vurmaq üçün Litvada ötən mövsümün çempionu «Ritas»la keçiriləcək səfər qarşılaşmasından müsbət nəticə ilə qayıtmaq vacibdir.
“Trabzonspor”u qarşıda sıx oyun qrafiki gözləyir. Komanda oktyabrın 24-də Türkiyə çempionatında «Esenler Erokspor»la, oktyabrın 28-də Çempionlar Liqasında “Ritas”la, oktyabrın 31-də isə yenidən ölkə çempionatında “Körfez Basket”lə qarşılaşacaq.
Ernak hər üç oyunda qələbə qazanmağa ümid etdiyini bildirib.
Komandanın kapitanı Tolqa Geçim də mövsümə uğurlu başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, “Trabzonspor” Türkiyə çempionatını ilk beşlikdə bitirmək və Çempionlar Liqasında mümkün qədər yüksək nəticə əldə etmək istəyir.
Amerikalı oyun qurucusu Markus Kin isə zədəli basketbolçuların sıraya qayıtmasından sonra komandanın daha da güclənəcəyini düşünür.
Qeyd edək ki, “Sabah” və “Trabzonspor” FIBA Çempionlar Liqasının A qrupunda “Ritas” və “Nanter”lə birlikdə mübarizə aparırlar. Azərbaycan və Türkiyə klubları arasında cavab görüşü noyabrın 10-da Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
