Basketbol üzrə Çempionlar Liqasında “Sabah”a məğlub olan Fransanın “Nanter 92” klubunun baş məşqçisi Jülyen Mae Bakıdakı qarşılaşmanın nəticəsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, A qrupunun üçüncü turunda Azərbaycan təmsilçisinə 80:87 hesabı ilə uduzan komandanın çalışdırıcısı basketbolçularının meydanda göstərdiyi mübarizəni müsbət qiymətləndirib.
Maenin sözlərinə görə, yetirmələri oyunun son hissəsində vəziyyəti dəyişməyə çalışsalar da, rəqib üstünlüyünü qorumağı bacarıb.
“Görüş ərzində basketbolçularım əllərindən gələni etdilər. Sonuncu periodda nəticəni dəyişmək üçün daha fəal oynamağa çalışdıq. Hesab fərqinin böyüdüyü anlar da oldu. Bununla belə, komandamın çıxışından narazı deyiləm. “Sabah”ın da oyun təqvimi kifayət qədər ağırdır. Bakı təmsilçisi “Trabzonspor”la səfər qarşılaşmasından sonra meydana çıxmışdı. Bu turnirdə hər matç ciddi mübarizə şəraitində keçir. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz isə diqqətimizi qarşıdakı oyuna yönəltməliyik”, - deyə mütəxəssis vurğulayıb.
“Nanter”in baş məşqçisi heyətdəki itkilərin də komandanın imkanlarına təsir göstərdiyini qeyd edib. O, Bakıdakı görüşdə rotasiyanın məhdud olmasını məşqçi qərarı ilə deyil, zədəli basketbolçuların çoxluğu ilə əlaqələndirib.
“Cəmi səkkiz basketbolçu ilə kifayətlənməli olduq. Əlbəttə, belə vəziyyətlə qarşılaşmaq istəməzdim. Son oyunlarda əsas heyətin bir neçə üzvünü zədə səbəbindən itirmişik. Bu problemlərin məhz indiki mərhələdə ortaya çıxması bizim üçün uğursuz təsadüf oldu. Meydana daha çox oyunçu buraxmaq imkanımız yox idi. Yaranmış vəziyyət mənim istəyimdən asılı deyildi”, - deyə Mae fikrini tamamlayıb.
