"Bizi çətin oyun gözləyir. Nəzərə alaq ki, hazırda zədəli oyunçularımız var. Amma istənilən halda sona qədər mübarizə aparacağıq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın basketbolçusu Derrik Nyuton "Şəki" ilə qarşılaşmadan əvvəl klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bölüşüb.
Amerikalı "Şəki" ilə matç öncəsi gözləntilərindən söz edib. O bildirib ki, əsa problemləri sona qədər mübrizə apara bilməmələridir: "Biz axıra qədər oyunda qalmağı öyrənməliyik. İstənilən halda, bizi uzun bir marafon gözləyir. Müntəzəm çempionatın başa çatmasına hələ çox var. Biz öz üzərimizdə işləməli, çox məşq etməli və ən əsası zədələrdən qurtulmalıyıq. Pley-offa yüksəlmək üçün hər cür imkanımız var. Konkret "Şəki"yə gəlincə, onların oyununu təhlil etmişik. Topu səbətə göndərməyi sevən iki yaxşı müdafiəçiləri və əla atletik keyfiyyətləri olan bir mərkəz oyunçuları var. Mümkün qədər tempi aşağı salıb onların üstünlük əldə etməsinə imkan verməməliyik".
Qeyd edək ki, "Şəki" - "Sumqayıt" matçı sabah saat 14:00 da start götürəcək.
İdman.biz