Şəhriyar Əsgərov: “İlk 4 komanda arasında yer almaq bizim üçün böyük uğur olacaq”

Xəbərlər
30 Sentyabr 2023 15:35
610
Şəhriyar Əsgərov: “İlk 4 komanda arasında yer almaq bizim üçün böyük uğur olacaq”

“Komandanın heyətində Cəlilabad basketbolunun yetişdirdiyi bir neçə oyunçu var. Balanslaşmış heyət qurmağa çalışırıq”.

İdman.biz saytına bunu yeni yaradılan “Cəlilabad” klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Təcrübəli mütəxəssis yeni mövsümün hədəflərindən danışıb: “Bizim əsas hədəfimiz “ilk səkkizliy”ə düşməkdir. Böyük ambisiyalarımız var. Hər kəs çempionluğu planlaşdırır. Reallığa baxanda “ilk dördlüy”ə düşmək bizim üçün ən böyük arzudur. Çünki məlumatıma görə digər komandalar da heyətlərini gücləndiriblər. İlk 4 komanda arasında yer almaq bizim üçün böyük uğur olacaq”.

Şəhriyar Əsgərov Cəlilabadda basketbola böyük maraqdan da söz açıb: “Cəlilabadda hazırda gənclər idman nazirliyinin basketbol bölməsi fəaliyyət göstərir. 1950-ci ildən Cəlilabadda basketbol mövcuddur. Olimpiya kompleksinin tutumu 724 nəfərlikdir. Oyunlar zamanı bütün yerlərin dolacağından əminəm. Hal-hazırda burda komandamıza böyük maraq var. Basketbolu burda çox sevirlər”.

Hazırda baş məşqçisi yalnız bir məqam narahat edir: ”Yeganə problem burada oyunçuların yaşaması üçün yaxşı infrastrukturun olmamasıdır. Bu səbəbdən də bu il biz Bakıda məskunlaşacağıq. Oyun vaxtları basketbolçularımız bura yaxın ərazi olan Masallıda qalacaqlar. Bircə bu cəhətdən problem yaşayacağıq”.

Qeyd edək ki, yeni klubun tərkibində 4 amerikalı və 1 gürcü legioner yer alacaq. Amerikalılar Kobi Tomas Pinni, Camani Pirs, Rahim Conson və Raşon Consondur. Dogər gürcü legioner isə Levan Qoqaladzedir. Yerlilər isə bunlardır – Fikrət Paşayev, Seyidhüseyin Eynullayev, Ülvi Məmmədov, Əbülmətin Quliyev, Murad Əliyev və Məmmədzadə Məmmədli.

Emin Ağa

İdman.biz