VEF-in baş məşqçisi: “Neftçi” ilə matçın ilk hissəsi mövsümün ən pisi oldu” - VİDEO

14 Oktyabr 2026 23:43
158
VEF-in baş məşqçisi: “Neftçi” ilə matçın ilk hissəsi mövsümün ən pisi oldu”

Latviyanın VEF (Riqa) basketbol klubunun baş məşqçisi Yevgeni Kosuşkin FIBA Avropa Kubokunun qrup mərhələsinin ikinci turunda “Neftçi” üzərində qazandıqları 110:94 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının ilk hissədəki çıxışından narazı qaldığını bildirib. Riqa təmsilçisi fasiləyə 51:56 hesabı ilə geridə yollanıb.

“İlk hissədə “Neftçi”yə oyunun tempini tam nəzarətdə saxlamağa imkan verdik və meydançada zəif təsir bağışladıq. Bu, cari mövsümdə keçirdiyimiz ən uğursuz ilk hissə idi. Əlbəttə, “Neftçi” də yaxşı oynayırdı, amma biz matça pis başladıq. Bunu əminliklə deyə bilərəm. Sonra müəyyən dəyişikliklər etməli və ikinci hissədə daha enerjili oynamalı olduq. Bunun sayəsində oyunu nəzarətimizə götürə bildik”, - deyə Kosuşkin vurğulayıb.

VEF-in çalışdırıcısı bu mövsüm avrokuboklarda qarşılaşdıqları Azərbaycanın iki klubunu – “Neftçi” və “LANDAU Lions”u da müqayisə edib.

“Həm “Neftçi”, həm də “LANDAU Lions” avrokuboklarda çıxış edir. Hər iki komandanın keyfiyyətli heyəti var. Onlardan hansının daha güclü, hansının isə zəif olduğunu deyə bilmərəm. Xoşbəxtlikdən, hər iki komandaya qalib gəlməyi bacardıq”.

Qeyd edək ki, “Neftçi” ilk hissəni üstün başa vurmasına baxmayaraq, VEF-ə 94:110 hesabı ilə məğlub olub. Qarşılaşmanın həlledici məqamı Riqa klubunun 30:16 hesabı ilə üstün olduğu üçüncü period olub.

İdman.Biz