“Neftçi” basketbol klubunun baş məşqçisi Kostas Vasiliadis Azərbaycan basketbolçularının Avropa səviyyəsinə yüksəlməsi və xarici klubların diqqətini cəlb etməsi üçün nələrin çatışmadığı barədə fikirlərini bölüşüb.
Yunanıstanlı mütəxəssis FIBA Avropa Kubokunda Latviyanın VEF (Riqa) komandası ilə keçirilən görüşdən (94:110) sonra təşkil olunan mətbuat konfransında İdman.Biz-in əməkdaşının sualını cavablandırıb.
Keçmişdə uğurlu basketbolçu karyerası qurmuş Vasiliadis öz təcrübəsindən nümunə gətirib:
“İcazə verin, sizə bir şey danışım. 16 yaşım olanda həm səhər, həm də gün ərzində məşq edirdim. Səhər saat səkkizdən axşam altıya qədər məşqlərdə olurdum. Səhər məşqçi ilə iki saat, axşam daha iki saat, sonra isə yüksək divizionda çıxış edən komanda ilə əlavə iki saat məşq edirdim. Düşünürəm ki, məhz bu məşqlər mənim daha yaxşı basketbolçu olmağıma və özümə inam qazanmağıma kömək etdi”.
Mütəxəssis gənc yaşlarında məşqçisinin ona göstərdiyi etimadın karyerasında mühüm rol oynadığını vurğulayıb:
“Hazırda Avroliqada çalışan məşqçim mənə artıq 16–17 yaşımda oynamaq imkanı verirdi. Əvvəlcə meydanda beş dəqiqə keçirirdim, növbəti il bu müddət 15 dəqiqəyə, 18 yaşımda isə 20–25 dəqiqəyə çatdı. O, səhv etməyimə imkan yaradır, mənə meydanda özümü göstərmək şansı verirdi. Düşünürəm ki, bu uşaqlara da belə imkan yaradılmalıdır”.
“Neftçi”nin baş məşqçisi məşq prosesinin təşkilindəki problemlərə də diqqət çəkib:
“Onlar oynamaq, məşq etmək istəyirlər. Amma bu gün zalımız yoxdur, sabah bayram olduğuna görə məşq keçirilmir. Bu, təkcə burada deyil, hər yerdə rast gəlinən problemdir. Hesab edirəm ki, yerli uşaqlar kiçik yaşlarından idman zalında daha çox vaxt keçirməlidirlər”.
Vasiliadis Azərbaycan basketbolçularının istedadına inandığını və onların xarici klublara keçidinə kömək etməyə hazır olduğunu bildirib:
“Əgər oyunçularım məndən bütün günü onlarla məşq etməyimi istəsələr, razılaşaram. Düşünürəm ki, onların istedadı var. İşləmək, oynamaq və uğur qazanmaq istəyirlər. Əvvəlcə burada, gələcəkdə isə niyə də xaricdə olmasın? Onların xaricə getməsinə kömək edə bilsəm, bunu mütləq edəcəyəm”.
Bununla belə, yunanıstanlı mütəxəssis bəzi yetirmələrinin onun tələblərinə hələ tam uyğunlaşmadığını etiraf edib:
“Komandamdakı uşaqları çox bəyənirəm. Əminəm ki, onların hər birinin istedadı var. Hələlik mənim istədiyim kimi işləməyə hazır deyillər. Çünki özləri mənə deyirlər ki, məşqçi, siz çox şey tələb edirsiniz. Amma mənim yanaşmam belədir. Məşq edirsənsə, oynayacaqsan. İndi ehtiyat oyunçular skamyasında oturan bu uşaqların hamısının necə meydana çıxacağını hələ görəcəksiniz”, – deyə “Neftçi”nin baş məşqçisi fikirlərini yekunlaşdırıb.
