Lazar Spasiç “Sabah”ın “Trabzonspor”a məğlubiyyətini şərh etdi

14 Oktyabr 2026 22:56
68
Lazar Spasiç “Sabah”ın “Trabzonspor”a məğlubiyyətini şərh etdi

“Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiç FIBA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, serbiyalı mütəxəssis qarşılaşmanın taleyini ilk dəqiqələrdə buraxılan səhvlərin həll etdiyini bildirib.

“İlk növbədə, “Trabzonspor”u qələbə münasibətilə təbrik edirəm. Həlledici məqam ilk yeddi-səkkiz dəqiqə oldu. Həmin vaxt rəqib üstünlüyünü 16:9-dan 29:9-a çatdırdı. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək bizim üçün xeyli çətinləşdi”, – deyə Spasiç bildirib.

Baş məşqçi komandasının müdafiədə gözlənilən səviyyədə çıxış etmədiyini etiraf edib:

“Matça niyə belə başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmət göstərdik və müdafiədə lazımi səviyyədə oynamadıq. Hücum potensialı yüksək olan komandaya qarşı mübarizə apardığımızı bilirdik. Belə rəqibi səfərdə məğlub etmək üçün ilk növbədə müdafiəçilərə maneə yaradılaraq qurulan hücum kombinasiyalarının və təkbətək epizodların qarşısını almaq lazımdır. Təəssüf ki, bunların heç birinin öhdəsindən gələ bilmədik. Məğlubiyyətimizin əsas səbəbi də bu oldu”.

Spasiç müdafiədəki problemlərin komandanın hücum oyununa da mənfi təsir göstərdiyini vurğulayıb.

“Daha sonra hücumda oyun intizamını itirdik, qərar verməkdə çətinlik çəkdik. Hesab fərqini azaltmağa çalışdığımız anlarda “Trabzonspor” təcrübəsini ortaya qoyurdu. Rəqibin basketbolçuları çətin atışları dəqiq yerinə yetirir, xal qazanmağın yollarını tapırdılar. Biz isə oyunun gedişini dəyişmək üçün lazımi həll yollarını tapa bilmədik”.

Mütəxəssis “Sabah”ın A qrupundakı vəziyyətinə də münasibət bildirib:

“A qrupu FIBA Çempionlar Liqasının ən güclü qruplarından biridir, bəlkə də ən güclüsüdür. Püşkatmada bəxtimizin gətirdiyini söyləmək olmaz. Ancaq cəmi iki oyun keçirmişik və hər ikisi səfərdə olub. İndi evə qayıtmalı, oyunumuzu təhlil etməli, səhvlər üzərində işləməli və “Nanter”lə növbəti qarşılaşmaya hazırlaşmalıyıq. Qarşıdakı ev oyunlarında müsbət nəticələr qazanmalıyıq. Bundan sonra vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq”.

Qeyd edək ki, “Sabah” turnirdə ardıcıl ikinci məğlubiyyətini alıb. Bakı təmsilçisi ilk turda Litvanın “Ritas” klubuna səfərdə 73:82 hesabı ilə uduzub.

İdman.Biz