ABŞ-nin “Filadelfiya Seventi Siksers” basketbol komandasının ulduzu Lebron Ceymsin “İndiana Peysers”lə qarşılaşmada nümayiş etdirdiyi epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçunun komandasının 111:87 hesablı qələbəsi ilə yekunlaşan görüşdə 21 xal, yeddi ribaund və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Qarşılaşmanın epizodlarından birində Ceyms fiziki gücündən məharətlə istifadə edərək rəqibin üç basketbolçusunun müqavimətinə baxmayaraq, topu səbətə göndərib.
“Amazon Prime Video”nun 360 dərəcəlik kamera sistemi vasitəsilə qeydə alınan bu epizod sosial şəbəkələrdə yavaşladılmış formada yayımlanıb. Görüntülərdə həmçinin Vi Cey Edckombun birinci periodun son saniyəsində meydanın mərkəzindən səbətə göndərdiyi top da yer alıb.
Yeni çəkiliş texnologiyasına heyran qalan azarkeşlər NBA komissarı Adam Silverdən bütün qarşılaşmaların bu formatda yayımlanmasını istəyiblər. Bəzi basketbolsevərlər isə görüntüləri “GTA 6” videooyunundakı səhnələrlə müqayisə ediblər.
“Prime 360” adlanan texnologiya cari mövsümdə NBA-da ilk dəfə tətbiq olunur. Sistem çoxsaylı kameralar vasitəsilə qeydə alınan görüntüləri süni intellektin köməyi ilə real vaxt rejimində üçölçülü rəqəmsal mühitə çevirir. Bu da meydandakı epizodları müxtəlif rakurslardan izləməyə imkan verir.
Hələlik “Amazon” bu texnologiyadan yalnız epizodların təkrar nümayişi və studiya təhlilləri zamanı istifadə edir.
