Azərbaycanda qadın basketbolunda ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Qadınlardan ibarət milli komandanın yeni baş məşqçisi və bütün yaş qrupları üzrə qadın komandalarının koordinatoru İoannis Diamantakos özü ilə yalnız zəngin təcrübə deyil, həm də ölkədə qadın basketbolunun inkişafı ilə bağlı sağlam baxış gətirib. Livan, Fələstin, Rumıniya, Səudiyyə Ərəbistanı və Yunanıstanda çalışmış yunan mütəxəssis Azərbaycanda bu idman növü üçün möhkəm təməl yaratmaq və onu yeni səviyyəyə qaldırmaq niyyətindədir.
Diamantakos ideyalarını necə həyata keçirməyi planlaşdırdığı, hazırda Azərbaycan qadın basketbolunun qarşısında hansı problemlərin dayandığı, psixologiyanın idmandakı rolu və digər məsələlər barədə İdman.Biz-ə müsahibə verib.
– Azərbaycanın təklifini qəbul etmək qərarına necə gəldiniz?
– İlk növbədə, milli komanda ilə işləməyi böyük şərəf hesab edirəm. Azərbaycan karyeram ərzində işlədiyim dördüncü milli komandadır. İstənilən məşqçi üçün ölkəni təmsil etmək xüsusi məsuliyyət və unikal çağırışdır. Mən həmişə belə layihələri bəyənmişəm, çünki onlar yaratmaq, yeni işlər görmək və uzunmüddətli əhəmiyyət daşıyan işə töhfə vermək imkanı yaradır.
Federasiya rəhbərliyi ilə danışıqlar zamanı onların son illərdə əldə etdikləri nəticələr məndə güclü təəssürat yaratdı. Kişi millilərinin irəliləyişi, daxili çempionatın inkişafı və Azərbaycan klublarının avrokuboklarda iştirakı diqqətəlayiqdir. Federasiya bu nailiyyətlərə görə yüksək qiymətə layiqdir.
Qadın basketbolunun inkişafı ilə bağlı baxışları da az əhəmiyyət daşımırdı. Düşünürəm ki, mənim yerimdə olan, nəsə yaratmağa və özündən sonra əhəmiyyətli irs qoymağa səmimi şəkildə çalışan istənilən məşqçi belə bir fürsətlə maraqlanardı. Məhz davamlı və uzunömürlü bir sistem qurmaq istəyi bu qərarı verməyimdə əsas rol oynadı.
– “Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis sizin həmyerlinizdir. Azərbaycana gəlməzdən əvvəl onunla bu təklifi müzakirə etmişdinizmi?
– Kostas Vasiliadis görkəmli oyunçu və mənim fikrimcə, Yunanıstan basketbolu tarixinin ən yaxşı atıcılarından biri olub. Onun oyununa heyranlıqla baxırdım və əminəm ki, onu parlaq məşqçilik karyerası gözləyir. O, burada işinə ümidverici başlayıb. Ona uğurlar arzulayıram.
Keçmişdə yollarımız kəsişib: o, oyunçu idi, mən isə həmin vaxt məşqçi köməkçisi işləyirdim. Ancaq şəxsən tanış deyildik. Kostas uzun illər xaricdə çox yüksək səviyyədə çıxış edib. Aramızda şəxsi münasibətlər olmadığı üçün Azərbaycana gəlməzdən əvvəl onunla bu təklifi müzakirə etmək və ya hər hansı məlumat almaq imkanım olmayıb. Buna görə də o, qərarıma heç bir təsir göstərməyib.
– Azərbaycana gəlməzdən əvvəl ölkənin qadın basketbolu haqqında nə bilirdiniz?
– Azərbaycan basketbolunu, xüsusilə də son bir il ərzində diqqətlə izləyirdim. Bu yay gənclərdən ibarət milli komandaların çıxışlarını və inkişafını yaxından müşahidə etdim.
Basketbol gündəlik həyatımda çox mühüm yer tutur. Beynəlxalq arenada baş verənlərdən, xüsusilə Azərbaycan kimi aydın baxışa və inkişaf üçün səmimi istəyə malik ölkələrdəki vəziyyətdən daim xəbərdar olmağa çalışıram. Azərbaycanı beynəlxalq basketbolda mühüm gücə çevrilə biləcək ölkə kimi görürəm.
Burada olduğum ilk günlərdə gənc oyunçular arasında rəqabətin yüksək səviyyədə olması məni xüsusilə sevindirdi. Bu, gələcək işimiz üçün yaxşı zəmin yaradır.
– İşə cəmi bir müddət əvvəl başlamısınız. Azərbaycan qadın basketbolunun qarşısında duran əsas çətinlikləri necə qiymətləndirirsiniz?
– Əsas vəzifələrimizdən biri aydın oyun kimliyi formalaşdırmaqdır. Bu, Azərbaycan xalqının xarakterini, mübarizə ruhunu və sonadək gücünü ortaya qoymaq əzmini əks etdirən oyun üslubu olmalıdır. Milli komanda çox vaxt ölkəsinin mədəniyyətini və xarakterini əks etdirir. Biz də bu keyfiyyətlərin komandalarımızın oyununda görünməsini istəyirik.
Artıq U-14 yığmasından tutmuş əsas qadın milli komandasınadək bütün səviyyələri əhatə edən razılaşdırılmış inkişaf planını həyata keçirməyə başlamışıq. Texniki hazırlıqda, taktiki prinsiplərdə və məşqçi heyətlərinin əməkdaşlığında ardıcıllığı təmin etməyə çalışırıq. Hər yaş qrupu oyunçuları növbəti mərhələyə hazırlamalıdır. Bununla yanaşı, hamı vahid konsepsiya çərçivəsində çalışmalıdır.
– Azərbaycan qadın millisi ilk oyununu artıq noyabrda keçirəcək. Belə qısa müddətdə ölkənin qadın basketbolundakı vəziyyətini öyrənmək çətin olmayacaq? “Avrobasket-2029”un seçmə mərhələsində komanda qarşısına hansı məqsədləri qoyursunuz?
– Daha əvvəl də dediyim kimi, həyatımın böyük hissəsini basketbola həsr etmişəm və hazırlıq Azərbaycana gəlməzdən əvvəl başlayıb. Xaricdə çıxış edənlər də daxil olmaqla, hansı oyunçulara sahib olduğumuz barədə artıq kifayət qədər aydın təsəvvürüm var.
Təbii ki, vaxt amili komandanın nə qədər məlumat mənimsəyə və bunu meydançada tətbiq edə biləcəyinə təsir göstərir. Noyabra qədər bütün aspektlərdə yüz faiz hazır olmayacağıq, amma gələcəkdə komandamızın əsas xüsusiyyətinə çevriləcək prinsipləri formalaşdıra biləcəyik. Həmişə ən yaxşı nəticəyə nail olmağa çalışacağıq. Eyni zamanda, istəyirik ki, bu oyunlar qurduğumuz komanda üçün başlanğıc nöqtəsi və gələcək istiqamət olsun.
Hazırkı mərhələdə qələbələrin sayı və ya yekun sıralama ilə bağlı konkret hədəflər müəyyənləşdirməmişik. Başlanğıc nöqtəmizi nəzərə alsaq, əsas prioritetlərimiz keyfiyyətlə bağlıdır: öz oyun üslubumuzu formalaşdırmaq, oyunçuları inkişaf etdirmək və bütün yaş qrupları arasında ardıcıllığı təmin etmək. Yarışlar, xüsusilə gələn yay keçiriləcək gənclər arasında Avropa çempionatları yaxınlaşdıqca komandalarla işləmək üçün daha çox vaxtımız olacaq.
Zirvəyə gedən yol yüz metr məsafəyə qaçış deyil, marafondur. Biz bu marafona yenicə başlayırıq və onu mümkün qədər yaxşı keçmək istəyirik. Sabitlik və ardıcıllıq əsas amillər olacaq. Çətin anlarımız da olacaq və belə dövrlərdə birliyimizi qoruyaraq qarşıya qoyduğumuz məqsədlərə diqqət yetirməliyik. Gələcəyə böyük nikbinliklə baxıram və əminəm ki, zaman keçdikcə hamımız gördüyümüz işlə fəxr edəcəyik.
Əsas xüsusiyyətlərimiz mübarizə ruhu, etibarlı müdafiə və rəngarəng hücum olmalıdır. Xüsusilə müdafiədə mübariz əzmimiz komandamızın fərqləndirici xüsusiyyətinə çevrilməlidir. Bu, həm ilkin mərhələdə, həm də gələcək inkişaf prosesində belə olmalıdır.
– Əsas milli komandanın heyətini formalaşdırarkən hansı yanaşmadan istifadə edəcəksiniz?
– Milli komandanı gənc oyunçular ətrafında qurmaq federasiya rəhbərliyinin qarşımıza qoyduğu əsas vəzifələrdən biridir və mən bunu tam dəstəkləyirəm. Noyabr və fevral aylarında milli komandaların oyunları üçün nəzərdə tutulan fasilələrdən sonra da gələcəyi olan komanda yaratmaq istəyirik. Bu oyunlar gələcəkdə hamımızın fəxr edəcəyi yolun başlanğıcı olmalıdır.
Buna görə də gənc oyunçular əsas rol oynayacaqlar. Söhbət yalnız qarşıdakı oyunlara dəvət olunanlardan deyil, gələcəkdə komandaya fayda verə biləcək basketbolçulardan da gedir. İstəyirəm ki, hər bir idmançı bilsin: öz işi və oyunu ilə heyətdə yerə layiq olduğunu sübut edən hər kəsin milli komandaya qapısı açıqdır. Burada işləməyə başladığım ilk günlərdə gənc oyunçular arasında müşahidə etdiyim rəqabət ruhu məni artıq çox sevindirir.
– Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası yaxşı nəticələr qazanır. Bu komandadan oyunçuları əsas milliyə cəlb etməyi planlaşdırırsınızmı?
– Azərbaycan 3x3 basketbol komandasının uğurları və nailiyyətləri ilə hamımız fəxr edirik. Əminəm ki, yaxın gələcəkdə bizi daha böyük uğurlar gözləyir. 3x3 komandasında çıxış edən oyunçuların əsas milliyə cəlb olunması, şübhəsiz ki, nəzərdən keçirdiyimiz variantlardan biridir. Ancaq yekun qərar diqqətlə qiymətləndirilməli olan bir sıra amillərdən asılı olacaq. Vaxtı çatanda qərarlarımızı açıqlayacağıq.
– Bu yaxınlarda bir neçə perspektivli azərbaycanlı basketbolçu təhsil almaq üçün ABŞ-yə yollanıb. Bu təcrübə davam etdiriləcəkmi və Azərbaycan basketbolunun inkişafına nə dərəcədə faydalıdır?
– Mən bunu müsbət hal hesab edirəm. İlk növbədə, bu, Azərbaycanda istedadlı oyunçuların yetişdiyini və onların bacarıqları sayəsində ABŞ-də təhsillə basketbolu birləşdirmək imkanı qazandıqlarını göstərir. Avropanın müxtəlif ölkələrindən olan oyunçular da bu yolu seçirlər və belə imkanlar onların inkişafına ciddi töhfə verə bilər.
Gələcəyə baxanda Azərbaycanda oyunçuların vətənlərində tamhüquqlu karyera qura bilməsinə imkan verən güclü qadın basketbol liqasının olmasını istərdim. ABŞ-yə getmək seçimlərdən biri olaraq qalmalıdır. Bununla yanaşı, təhsilini başa vurub geri qayıdan oyunçular öz ölkələrində rəqabətədavamlı liqada çıxış etmək imkanı əldə etməlidirlər. Azərbaycanda qadın basketbolunun gələcək inkişafı çərçivəsində görmək istədiyim mənzərə məhz budur.
– Yunanıstanla birgə layihələr nəzərdə tutulurmu? Ümumiyyətlə, vətəninizdə basketbolun daha yaxşı inkişaf etdiyini nəzərə alsaq, Yunanıstanın hansı qabaqcıl metodlarını Azərbaycanda tətbiq etmək istərdiniz?
– Həqiqətən də, Yunanıstanda basketbol çox yüksək səviyyədədir. Ötən il milli komandamız Avropa çempionatında üçüncü yeri tutdu, Avroliqanın hazırkı qalibi də Yunanıstan klubudur.
Azərbaycana ən çox sistemli məşq yanaşmasını gətirmək istərdim. Buraya aydın metodika, strukturlaşdırılmış hazırlıq sistemi və oyunun əsaslarına xüsusi diqqət daxildir. Top sürmə, ötürmələr, atışlar və təkbətək mübarizə bacarıqları əsas elementlərdir. Bu təməl bacarıqlara yiyələnən oyunçu daha yüksək səviyyəli basketbola keçid əldə edir. İşimizin əsasında məhz bu baza dayanmalıdır.
Həm Yunanıstanın, həm də digər ölkələrin milli federasiyaları ilə əməkdaşlığı inkişaf etdirmək istəyirik. Yoldaşlıq oyunları və turnirlərin təşkili də daxil olmaqla, ikitərəfli əməkdaşlıq imkanlarını araşdırırıq. Ancaq hazırda bunlar yalnız hazırlanma mərhələsində olan ideya və planlardır. Konkret layihələr barədə danışmaq hələ tezdir.
– Bu yanaşma aşağı yaş qrupları ilə işə də aiddirmi?
– Bəli. Aşağı yaş qruplarında əsas prioritetimiz ilk gündən möhkəm texniki baza formalaşdırmaq olmalıdır. Texniki inkişafla yanaşı, qalib mentaliteti, sabitliyi və bütün milli komandalarımızda yaratmağa çalışdığımız birlik hissini də formalaşdırmaq istəyirik. Bu proses məhz ən kiçik yaş qruplarından başlayır. Həmin mərhələdə öyrətdiklərimiz oyunçuları yaş kateqoriyaları arasında təbii keçidə və nəticədə əsas milli komandaya düşməyə hazırlamalıdır.
– Sonda karyeranızla bağlı diqqətçəkən bir məqama toxunmaq istərdik. Psixologiya üzrə doktorluq dərəcəniz var. Bu biliklər məşqçi kimi fəaliyyətinizə necə kömək edir? Sizcə, azərbaycanlı məşqçilər də psixoloji təhsil almaq barədə düşünməlidirlərmi?
– Psixologiya üzrə doktorluq dərəcəsi almağa qərar verdim, çünki basketbolun psixologiyanın çox böyük rol oynadığı oyun olduğuna qəti şəkildə inanıram. Matçın istənilən anında baş verən hər hansı hadisə oyunçunun psixoloji vəziyyətinə müsbət və ya mənfi təsir göstərə, nəticədə onun məhsuldarlığına təsir edə bilər. İnsan fəaliyyətinin istənilən sahəsində olduğu kimi, psixologiya da bizim məşğul olduğumuz işdən ayrılmazdır.
Təhsil mənə oyunçuları daha yaxşı anlamaq və yarışlardan əvvəl, yarışlar zamanı, eləcə də onlardan sonra onlarla qarşılıqlı münasibət qurmaq üçün elmi baza verib. Təcrübə dəyərlidir, amma öz-özlüyündə belə dərin anlayışa zəmanət vermir. Psixologiyanı öyrənmək məşqçiyə təkcə davranışın zahiri təzahürlərini görməyə deyil, həm də onların əsl səbəblərini anlamağa imkan verir. Beləliklə, məşqçi daha dəqiq və səmərəli reaksiya verə bilir. Bu biliklər məşqçilik fəaliyyətimin mühüm tərkib hissəsidir.
Yerli məşqçilərə, eləcə də dünyanın hər yerində çalışan həmkarlarıma davamlı öyrənmə prinsipinə sadiq qalmağı tövsiyə edərdim. İnsan psixologiyanı, məşqçilik nəzəriyyəsini və ya əlaqəli başqa bir sahəni dərindən öyrənməyi seçə bilər. Əsas məsələ inkişafı dayandırmamaqdır.
Məşqçinin öyrənməyi dayandırmalı olduğu bir yaş yoxdur. Oxumalı, yenilikləri öyrənməli, baş verənlərdən xəbərdar olmalı və hər gün daha yaxşı olmağa çalışmalıyıq. Müasir basketbol inkişaf etdikcə bu vəzifə daha da mürəkkəb və vacib olur.
Məşqçilik çətin peşədir. Xüsusilə gənc oyunçularla işləmək üzərimizə təkcə idmanla bağlı deyil, həm də ciddi tərbiyə məsuliyyəti qoyur. Biz sadəcə basketbolçular deyil, şəxsiyyətlər yetişdirməyə kömək edirik. Buna görə də özümüzü bu missiyaya uyğun şəkildə hazırlamalıyıq.
