“Sabah”ın kapitanı Çempionlar Liqasının püşkünü uğurlu adlandırıb

Xəbərlər
27 İyun 2024 09:57
138
“Sabah”ın kapitanı Çempionlar Liqasının püşkünü uğurlu adlandırıb

“Basketbolda mümkünsüz heç nə yoxdur”.

Bunu İdman.bizə “Sabah”ın basketbolçusu Endər Poladxanlı deyib.

Komandasının 26 yaşlı kapitanı Çempionlar Liqasında təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, məqsədləri yalnız qələbə qazanmaqdır: “Açığı, rəqiblər barədə məlumatım azdır. Hazırlıqlar başladıqda məşqçilər korpusu təhlil edib, lazımı bilgiləri verəcək. Amma mənə elə gəlir ki, püşkü uğurlu adlandırmaq olar. Çünki orda daha güclü rəqiblər var idi. İsveçrə təmsilçisi “Friburq Olimpik”in güclü rəqib olduğunu bilirəm. Amma buna baxmayaraq, Çempionlar Liqasının müntəzəm mövsümünə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsinin birinci raundunda İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi “Friburq Olimpik”lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: