Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü daha həyəcanlı keçəcək.
İdman.Biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın basketbol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandalarının koordinatoru və baş məşqçisi Bedri Meriç deyib.
Mütəxəssis bu gün start götürəcək Azərbaycan Basketbol Liqasının yeni mövsümünü dəyərləndirib:
"4 komandamız avrokuboklarda mübarizə aparacaq. Həmin klubların Avropadakı çıxışları ölkə çempionatlarındakı matçlarına da müsbət mənada təsir edəcək. "Sabah" kollektivini xüsusi qeyd etmək istərdim. Həm büdcəsi, həm də heyəti ilə yeni mövsümün favoriti kimi görünür. Lakin düşünürəm ki, "Sabah"ın əsas hədəfi təkcə Azərbaycan Basketbol Liqasının qalibi olmaq deyil, həm də avrokubokda mümkün qədər çox irəliləməkdir. Çünki bu heyət və büdcə dediyimiz uğuru qazanmağa imkan verir".
B.Meriç "LANDAU Lions"un da uğurlu çıxış edə biləcəyini vurğulayıb:
"Bu mövsüm onların "Sabah"a çətinlik yaşadacağını düşünmək olar. "Neftçi" və "Ordu" kollektivləri də üst pillələrdə yer almaq üçün çalışacaqlar. "Naxçıvan"ın isə cari mövsümdə sürpriz edə biləcəyini düşünürəm. Çünki yığmanın kapitanı Amil Həmzəyevin bu komandada yer alması kollektivin gücünə güc qata bilər. "Sumqayıt" kollektivi daha əvvəllər çempionatda çalışmış baş məşqçi Uğur Koçla anlaşıb. Onların da yaxşı mübarizə aparacağını düşünürəm".
Türkiyəli mütəxəssis gənc və yerli oyunçuların ölkə çempionatlarında meydana çıxmasının vacibliyini vurğulayıb:
"Bizim üçün önəmli nüanslardan biri odur ki, komandaların heyətində yer alan gənc, yerli oyunçular milliyə cəlb olunmaq səviyyəsində özlərini göstərə bilsinlər. Potensialı yüksək olan gənclərin ölkə çempionatının oyunlarında meydana çıxmaları bizim üçün vacib məqamlardandır".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümünə bu gün, saat 19:30-da "Sabah" - "LANDAU Lions" matçı ilə start veriləcək.
