“Azərbaycan milli komandasının növbəti rəsmi oyunu 2027-ci ilin iyulundadır”.
Bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz azb.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Yeni mövsüm başlayır. Basketbolsevərləri bu sezon nə gözləyir?
– Əvvəlcə mövsümün xeyirli olmasını arzulayıram. İnşallah, hər kəs üçün sağlam və uğurlu mövsüm olar. Bu mövsüm bizi xüsusilə həyəcanlandıran məqam odur ki, Azərbaycan Liqası ilə yanaşı, tarixdə ilk dəfə dörd komandamız avrokuboklarında mübarizə aparacaq. Dörd komandanın Avropa kuboklarında iştirak etməsi, təbii ki, liqanın keyfiyyətini artıracaq. Eyni zamanda, digər komandalar üçün də fürsət yaradacaq. Nəticədə Avropada çıxış edən komandalar Avropa oyunları səbəbindən bəzi liqa matçlarına daha yorğun çıxa bilərlər. Düşünürəm ki, Azərbaycan Liqası həm keyfiyyətli, həm də sürprizlərə açıq olacaq. Ümid edirəm ki, gözəl mövsüm keçirəcəyik. Komandalarımız Avropada yaxşı nəticələr əldə edərlər və Azərbaycan Liqasının da keyfiyyətini artıran bir mövsüm izləyərik.
– ABL və ABL ikinci liqaları başlayacaq. Bu format davam edəcək?
– Bilirsiniz ki, artıq Azərbaycan Liqasında səkkiz komandanın hər birinin öz sponsoru var. Beləliklə, federasiyadan asılı olmayan səkkiz komanda ilk dəfə bu mövsüm mübarizə aparacaq. Gələn il bu say arta bilər. Lakin bunun üçün bir neçə göstəriciyə diqqət yetiririk. Onlardan biri oyunçu sayıdır. Azərbaycanda liqada oynaya biləcək oyunçu sayına hər zaman diqqət etməliyik. İlk gəldiyimiz il bu rəqəm təxminən 60 idi. Hazırda isə Azərbaycan Liqasında oynaya biləcək 100 oyunçu var. Buna görə də iki liqa yaratmışıq. İlk növbədə məqsədimiz II liqada komanda sayını artırmaqdır. I liqada komanda sayının artması eyni zamanda keyfiyyətin yüksəlməsi deməkdir. Sponsorlarımızın sayının artması və oyunçularımızın bir neçə ildən sonra daha yaxşı səviyyəyə çatması ilə I liqadakı komanda sayı da təbii ki, arta bilər. Orada ideal say 12, yaxud 14 komandadır. İnşallah, Azərbaycan Liqasında da ən qısa zamanda bu rəqəmə yaxınlaşarıq.
– NTD Azərbaycan U-20 yığmasının bazası olacaq. Bu qərarı necə şərh edərdiniz?
– Bu, NTD rəhbərliyinin və Tahir müəllimin qəbul etdiyi qərardır və biz də bu qərarı dəstəklədik. NTD bu mövsüm öz maliyyə strukturunu və eyni zamanda Azərbaycan U20 yığmasının gələn il Avropa çempionatındakı vəziyyətini nəzərə alaraq belə bir qərar qəbul edib. Mən öz adımdan bu qərardan çox məmnunam. Təbii ki, bu, tam U20 milli komandası olmayacaq. U20 yığmasının üzvlərindən İsmayıl, Emmanuel, Hüseyn Məmmədov kimi oyunçular başqa komandalarda çıxış edirlər. Amma qalan oyunçular bu ili NTD-də keçirəcəklər. Eyni zamanda, onlar II liqada da mübarizə aparacaqlar. İkinci liqada, təbii ki, NTD adı ilə yox, “Quba” adı ilə çıxış edəcəklər. Bu, həm həmin oyunçuların, həm də I liqada çıxış edən basketbolçuların əlavə oyun vaxtı qazanmasına imkan verəcək.
– Bu o deməkdir ki, A milli komandada yaxın zamanlarda nəsil dəyişikliyi, gəncləşmə görəcəyik?
– Azərbaycan milli komandasının növbəti rəsmi oyunu 2027-ci ilin iyulundadır. Yəni həmin vaxta qədər kifayət qədər vaxtımız var. O vaxta qədər oyunçuların vəziyyətini izləyəcəyik və həmin dövrdəki imkanlarımıza uyğun qərar verəcəyik. Amma təbii ki, yetişən gənc oyunçularımızın artıq əsas milli komandada oynaya biləcək səviyyəyə yaxınlaşdığını yavaş-yavaş görə bilirik. Bu il U20 Avropa çempionatında bir qədər əvvəl adlarını çəkdiyimiz İsmayıl və Emmanuel kimi oyunçular həqiqətən çox yaxşı çıxış etdilər. İnşallah, həmin inkişaflarını davam etdirərlər. Murad Babayev üçün də çox yaxşı Avropa çempionatı oldu. İnşallah, o da inkişafını davam etdirərsə, biz milli komandada daha çox gənc oyunçunun yer almasını və onların oradakı təcrübəli basketbolçulara kömək etməsini çox istəyirik.
