“Hazırda 13 oyunçu ilə məşqlərə başlamışıq”.
Bunu “Sumqayıt” basketbol klubunun türkiyəli yeni baş məşqçisi Uğur Özdəmir AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Sumqayıt”ın baş məşqçisi təyin olunmağınızı necə dəyərləndirirsiniz? Bu təklif sizə necə gəldi?
- Yenidən Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Gözəl dostluqlarımın və xatirələrimin olduğu bir yerə qayıtmaq mənim üçün çox önəmlidir. Klubla əlaqələrimiz bir müddət əvvəl başlamışdı. Tanışlığımız və münasibətlərimiz davam etdikdən sonra razılığa gəldik. Artıq bir müddətdir Azərbaycandayam və komandanı yenidən yaxşı səviyyəyə çatdırmaq üçün işimizi davam etdiririk.
- 2022-2024-cü illərdə “Xırdalan”ı çalışdırmısınız. Həmin dövrlə indiki arasında hansı fərqləri müşahidə etdiniz?
- Liqanın səviyyəsi və təşkilatçılıq keyfiyyəti hər mövsüm daha da artır. Federasiyanın bu istiqamətdə gördüyü işlər və yaratdığı inkişaf çox dəyərlidir. Liqanın səviyyəsinin yüksəlməsi baxımından bunlar çox önəmlidir. Mən sonuncu dəfə burada “3+2” legioner limitinin tətbiq olunduğu dövrdə çalışmışdım, hazırda isə limit “4+1” formatındadır. Büdcələrin artması və daha keyfiyyətli oyunçuların liqaya gəlməsi də əsas fərqlərdəndir. Düşünürəm ki, iki mövsüm arasında ən böyük fərq daha peşəkar strukturların formalaşması və liqada daha keyfiyyətli oyunçuların yer almasıdır.
- “Sumqayıt”ın heyəti ilə bağlı fikirləriniz necədir? Komandada dəyişikliklər etməyi planlaşdırırsınız?
- Hazırda 13 oyunçu ilə məşqlərə başlamışıq. Heyətimizdə 6 əcnəbi və 7 yerli basketbolçu var. Onların arasında gənc oyunçular da yer alır. Təbii ki, heyətin ehtiyaclarına uyğun olaraq proses ərzində əlavə transferlər edə bilərik. Hazırkı mərhələdə isə 6 əcnəbi və 7 yerli oyunçu ilə fəaliyyətə başlamışıq. İşlərə bir qədər gec başladığımız üçün transfer və hazırlıq prosesimiz digər komandalarla müqayisədə fərqlənir. Buna görə də mövcud heyətin durumunu və prosesin gedişatını görərək qərarlar verməyi planlaşdırırıq.
- Bu mövsüm “Sumqayıt”ın qarşısında hansı hədəflər olacaq?
- Əsas hədəfimiz Sumqayıt şəhərini ən yaxşı şəkildə təmsil etməkdir. Transfer və məşq prosesinə yeni başladığımız üçün konkret hədəfləri prosesin gedişində müəyyənləşdirməyə çalışacağıq. Mənim klubla 1+1 illik müqaviləm var və uzunmüddətli, davamlı bir plan qurmağı düşünürük. Bu məsələdə klubun direktoru ilə də fikirlərimiz üst-üstə düşdüyü üçün bu istiqamətdə birlikdə çalışırıq. Hazırda əsas diqqətimiz komandanın qısa zamanda uyğunlaşmasına və oyunçular arasında yaxşı anlaşmanın formalaşmasına yönəlib. Məqsədimiz meydanda mübarizə aparan və Sumqayıtı layiqincə təmsil edən bir komanda formalaşdırmaqdır.
- Azərbaycanda əvvəlki fəaliyyətinizdən hansı təcrübələri yeni komandanızda tətbiq etməyi düşünürsünüz?
- Mən sürətli və aqressiv basketbol oynamağı, xüsusilə də müdafiəyə önəm verməyi sevən məşqçiyəm. Bu istiqamətdə mübarizə aparan komanda qurmağa çalışıram və bu, mənim üçün dəyişməz prinsipdir. Azərbaycan Basketbol Liqasını ən yaxşı tanıyan məşqçilərdən biriyəm. Bu təcrübəmi həm meydanda, həm də transfer prosesində tətbiq edərək komandaya ötürmək istəyirəm. Məqsədim əvvəlki təcrübələrimdən yararlanaraq burada yenidən uğurlu nəticələr əldə etməkdir.
