“Neftçi” “Gəncə”ni ən güclü yerli basketbolçularından məhrum etdi

17 İyul 2026 11:33
98
“Neftçi” “Gəncə”ni ən güclü yerli basketbolçularından məhrum etdi

“Neftçi” basketbol klubu heyətini Azərbaycan millisinin daha bir üzvü ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Ulaş Turqutla müqavilə imzalayıb. Bu barədə basketbolçunun maraqlarını təmsil edən agentlik məlumat yayıb.

Ulaş Turqut ötən mövsüm “Gəncə”nin heyətində çıxış edib. O, komanda ilə birlikdə Azərbaycan Kubokunun qalibi olub. Gəncə təmsilçisi Azərbaycan Basketbol Liqasını isə bürünc medallarla başa vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl də “Gəncə”nin digər aparıcı basketbolçusu Cəbrayıl Əkbərovu transfer etmişdi. Hər iki oyunçu ötən mövsüm komandanın əsas simalarından olub və qazanılan uğurlarda mühüm pay sahibi kimi seçilib.

Xatırladaq ki, “Gəncə” Azərbaycan Kubokunun ikiqat qalibidir. Turnirin reqlamentinə əsasən, oyun zamanı meydanda eyni vaxtda ən azı iki yerli basketbolçu olmalıdır. Bu baxımdan, komandanın qısa müddətdə iki aparıcı azərbaycanlı oyunçusunu itirməsi növbəti mövsümdə kubok titulunu qorumaq şanslarına ciddi təsir göstərə bilər.

İdman.Biz