Azərbaycanın üç basketbol klubunun avrokuboklardakı rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, FIBA Avropa Kubokunun təsnifat mərhələsində mübarizə aparacaq “Neftçi” rəqibi olan Estoniyanın "Parnu" basketbol klubuna qalib gəldiyi təqdirdə H qrupunda yer alacaq. Bakı təmsilçisi təsnifat mərhələsini keçərsə onun mümkün rəqibləri Rumıniyanın “CSM CSU Raiffeisen Oradea”, İsveçrənin “Fribourg Olympic Basket”, Latviyanın “VEF Riga”, Yunanıstanın “Mykonos BC” və Bolqarıstanın “Lokomotiv Plovdiv” komandalarıdır.
FIBA Avropa Kubokunda mübarizə aparacaq “Gəncə” isə C qrupunda yer alıb. Azərbaycan təmsilçisi Rumıniyanın “Universitatea”, Portuqaliyanın “Sporting”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos H Hotels” və Türkiyənin “Esenler Erokspor” komandaları ilə qarşılaşacaq.
FIBA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq “LANDAU Lions” isə turnirdə mübarizəni dayandıracağı təqdirdə FIBA Avropa Kubokunun qrup mərhələsində çıxış edəcək.
Azərbaycan təmsilçisi bu halda püşkün nəticəsinə əsasən G qrupunda mübarizə aparacaq. Komandanın mümkün rəqibləri İsveçrənin “Lions de Geneve”, Danimarkanın “Bakken Bears Aarhus”, Portuqaliyanın “Benfica”, Türkiyənin “Yukatel Denizli Basket” və “Prievidza” (Slovakiya) - “Samobor” (Xorvatiya) cütünün qalibi olacaq.

