Ratomir Deliç: “Komandanın mübarizəsi ilə qürur duyuram”

16 İyun 2026 12:49
66
Ratomir Deliç: “Komandanın mübarizəsi ilə qürur duyuram”

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanan komandası ilə qürur duyur.

Mütəxəssis Kosovonun paytaxtı Priştinada keçirilmiş turnirin seçmə mərhələsinin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb.

“Mənim vurğulamaq istədiyim yeganə məqam oyunçuların sonadək mübarizə aparmalarıdır. Bunu bacardığımız üçün qürur duyuram. Qızlar möhtəşəm oynadılar”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

R.Deliç heyətdə itkinin olduğunu və bu səbəbdən yarışda üç basketbolçu ilə çıxış etdiklərini söyləyib:

“Qələbələr və məğlubiyyətlər idmanın bir hissəsidir. Əvvəlki turnirlərdəki səhvlərdən dərs çıxardıq. Bir daha demək istəyirəm ki, qızlarla qürur duyuram. Bəlkə də bəzi insanlar əvəzetmə olmadan 3x3 basketbolda oynamağın nə qədər çətin olduğunu bilmirlər. Amma biz bunu bacardıq. Avropa Kubokunun əsas mərhələsində də yaxşı çıxış etməyə çalışacağıq”.

Xatırladaq ki, Azərbaycan yığması yarışın final oyununda İrlandiya millisinə 21:20 hesabı ilə qalib gəlib.

İdman.Biz