ABŞ-nin “Nyu-York Niks” basketbol komandası NBA final seriyasının üçüncü oyununda “San-Antonio Spers”ə məğlub olub.
İdman.Biz xəbər verir ki, Madison Skver Qardendə keçirilən görüş qonaqların 115:111 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan əvvəl ABŞ himni səsləndirilərkən ölkə prezidenti Donald Tramp arenanın böyük ekranında göstərilib. Bu zaman tribunaların bir hissəsi onu fitə basıb.
Tramp oyunu xüsusi təhlükəsizlik tədbirləri altında izləyib. Onun NBA finalı matçına qatılması tarixi hadisə kimi qiymətləndirilib. Çünki o, final oyununu canlı izləyən ilk ABŞ prezidenti olub.
Qalmaqallı atmosfer fonunda “Nyu-York Niks” final seriyasında ilk məğlubiyyətini alıb. “San-Antonio Spers” bu qələbə ilə seriyada hesabı 1:2-yə endirib.
Qonaqların heyətində Viktor Vembanyama 32 xal, səkkiz ribaund və altı məhsuldar ötürmə ilə fərqlənib. “Nyu-York Niks”də Ceylen Branson 32 xal toplasa da, bu, komandasını məğlubiyyətdən xilas etməyib.
