“Neftçi”nin baş məşqçisi: “Komandam sanki dayandı, oynamaq istəmədi”

Müsahibə
11 Yanvar 2024 11:06
189
“Neftçi”nin baş məşqçisi: “Komandam sanki dayandı, oynamaq istəmədi”

"Çox maraqlı qarşılaşma oldu. Ən böyük problemimiz 14 top itkisi idi. Bu, əsas liqada çıxış edən komanda üçün həddindən artıq çoxdur”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Anar Sarıyev deyib.

Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Xəzri”yə 84:86 uduzan mütəxəssis bildirib ki, heyətdə olan problemlər nəticəyə təsir edib: “Kamran Məmmədov zədədən sonra cəmi üç məşqdə iştirak edib və hələ tam özünə gəlməyib. Maykl Karter zədəlidir və bir-iki günə məşqlərə qoşulacaq. Ceyms biletlərlə bağlı problem yaşadı və iki gün İngiltərədə qalmalı oldu. Oyun günü səhərə yaxın Bakıya çatdı və məşq etmədən meydana çıxdı. Yeni oyunçumuz Ulaşı müdafiədə çox bəyəndim. Əzmkarlıq göstərdi və çox yaxşı oynadı. Cəmi iki-üç məşqdə iştirak etdiyi üçün hücumda oyuna tam uyğunlaşa bilmədi. Matçın gedişində 17 top fərqi ilə geri düşdük. Təbii ki, bu çox böyük fərq oldu və səbəbini tam açıq deyə bilmərəm. Komandam sanki dayandı, oynamaq istəmədi. Sonuncu beş dəqiqəni pressinq etməyə başladıq ki, oyunu geri qaytaraq, hardasa alındı da, amma hücumda yenə top itkilərimiz oldu”.

Sarıyevin məğlubiyyətdə basketbolçularının bir qədər yanlış qərarlar verməsinin də rolunun olduğunu deyib: “Pressinqdən sonra topu daha çox səbətin altına atmalı idik. İki 3 xallıq top atdıq və məncə, bu düzgün deyildi, bir az gözləməli idik. Fərqi azaltmaq üçün daha çox səbətin altından yüklənib xal qazanmaq lazım idi. Hər səhv komandanı məğlubiyyətə sürükləyə bilər. 19 cərimə atışından 13-nü deyil, 17-sini dəqiq yerinə yetirsəydik, oyunu qələbə ilə başa vura bilərdik və yaxud 4 səhv etmədən dördə bir çıxdığımız hücumlarda topu auta atmayıb səbətin altına atsaq, o 4 xal da bizə qələbə gətirə bilərdi. Deməyim odur ki, oyunçularım axırıncı 4 dəqiqəni tam mübarizə ilə bitirdilər və baxmayaraq ki, 17 xal fərqlə uduzurduq, görüşdə qələbə də qazana bilərdik. Komanda ilə danışdım, çalışacağıq ki, ruhdan düşməyək və növbəti turlarda daha yaxşı oyun nümayiş etdirərək azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, 10 turdan sonra 16 xala malik olan “Neftçi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

İdman.biz