“İrlandiya ilə oyunda fiziki cəhətdən sona qədər tab gətirə bilmədik” - Millimizin basketbolçusunun İDMAN.BİZ-ə AÇIQLAMASI

6 İyul 2026 14:00
92
“İrlandiya ilə oyunda fiziki cəhətdən sona qədər tab gətirə bilmədik” - Millimizin basketbolçusunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan basketbol millisinin hücumçusu Cəbrayıl Əkbərov AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiyaya 70:76 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz-ə açıqlamasında Cəbrayıl Əkbərov vurğulayıb ki, məğlubiyyətin əsas səbəblərindən biri yorğunluq olub.

“Fikrimcə, həddindən artıq yorğun idik. Lüksemburqdakı oyun və oradan Bakıya qayıdış bizi çox yormuşdu. Fiziki cəhətdən oyunu sona qədər eyni tempdə davam etdirə bilmədik. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Öz çıxışım barədə danışmaq istəmirəm. İstənilən halda, həm qələbə, həm də məğlubiyyət bütün komandanındır”, - deyə Cəbrayıl Əkbərov bildirib.

O, millinin irəliləyişini də xüsusi qeyd edib:

“Komandamızdan razıyam. Bir il əvvəl İrlandiyaya 30 xal fərqi ilə uduzmuşduq, digər rəqiblərə də təxminən eyni hesabla məğlub olurduq. Bu dəfə isə iki qələbə qazandıq - İrlandiyanı və Lüksemburqu səfərdə məğlub etdik. Əminəm ki, növbəti seçmə mərhələlərdə daha yaxşı nəticələr göstərəcəyik”.

İrlandiya ilə qarşılaşma Azərbaycan millisinin cari seçmə mərhələdə son oyunu olub.

Artıq basketbolçular Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlığa başlayacaqlar.

Əkbərov gələcək karyera planlarından da danışıb:

“Hələ növbəti mövsümlə bağlı konkret plan yoxdur. Amma avrokuboklarda oynamaq istəyirəm. Müxtəlif təkliflər var, hazırda müzakirələr gedir. Düşünürəm ki, yaxın iki həftə ərzində hər şey dəqiqləşəcək”.

İdman.Biz