Amil Həmzəyev İrlandiyaya məğlubiyyət barədə danışıb: “…bir qədər arxayınlaşdıq” - FOTO

5 İyul 2026 20:51
94
Amil Həmzəyev İrlandiyaya məğlubiyyət barədə danışıb: “…bir qədər arxayınlaşdıq” - FOTO

Azərbaycan basketbol millisinin kapitanı Amil Həmzəyev AVRO-2029-un birinci seçmə mərhələsinin A qrupunun altıncı turunda İrlandiyaya evdə məğlubiyyəti (70:76) şərh edib.

İdman.Biz xəbər verir ki, kapitan oyundan sonra jurnalistlərə açıqlamasında üstünlüyü çox erkən ələ keçirdiklərini və bəlkə də buna görə bir qədər arxayınlaşdıqlarını bildirib.

“Əgər bu, oyunun sonuna yaxın baş versəydi, reaksiyamız başqa cür olardı. Bundan başqa, atışlarımız alınmadı. Biz favorit sayılırdıq və son saniyələrə qədər mübarizə apardıq, amma qələbə qazana bilmədik”, - deyə Həmzəyev bildirib.

Həmzəyevin fikrincə, oyunda dönüş sonuncu periodda yox, daha əvvəl baş verib.

“Mənə elə gəlir ki, eniş artıq ikinci periodda başladı”, - deyə o qeyd edib.

Komandanın öz oyununu itirməsinin səbəblərindən danışan basketbolçu Donatın yoxluğunun ciddi təsir göstərdiyini vurğulayıb:

“Onun yoxluğuna görə mövqeləri yenidən qurmalı olduq. Emmanuel gənc oyunçudur, mən isə beşinci nömrə mövqeyində çıxış etməli oldum.

İrlandiyalılar məhz buna yaxşı hazırlaşmışdılar. Biz Emmanueli meydana buraxdıq, amma kifayət qədər anlaşma olmadığından problemlər yarandı”.

Komandanın gələcək inkişafı üçün heyətdə mümkün dəyişikliklərlə bağlı suala cavab verən kapitan bəhanə axtarmaq niyyətində olmadığını, lakin milli komandanın lazımi münasibəti görmədiyini düşündüyünü bildirib:

“Mən indi hər şeyi açıq danışmaq istəmirəm - yaxın günlərdə sosial şəbəkə səhifəmdə fikirlərimi bölüşəcəyəm. Kişilərdən ibarət milli komanda Azərbaycan basketbolunun əsas prioriteti olmalıdır, yalnız bundan sonra 3x3 komandaları, qadın və gənclər yığmaları gəlməlidir. Təəssüf ki, hazırda belə iyerarxiya yoxdur. Komanda layiq olduğu hörməti hiss etməyəndə belə hallar yaranır. Bəzi oyunçularımız kənardan gəliblər və belə münasibəti görəndə laqeyd qalmaq çətindir. Hər şeydən əvvəl istəyirəm ki, milli komanda layiq olduğu hörməti görsün, yalnız bundan sonra ondan qələbə tələb edilsin. Bu, mənim federasiyaya müraciətimdir”.

Foto: İslam Atakişiyev

İdman.Biz