“Neftçi”nin basketbolçusu: “Yorğunluğa baxmayaraq, Dünya Qadın Seriyasında xarakter göstərdik”

6 İyul 2026 17:14
90
“Neftçi”nin basketbolçusu: “Yorğunluğa baxmayaraq, Dünya Qadın Seriyasında xarakter göstərdik”

“Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında qalib gələn “Neftçi”nin 3x3 basketbol komandası yorğunluğa baxmayaraq, xarakter nümayiş etdirib”.

Bu barədə “Neftçi”nin 3x3 basketbol komandasının üzvü Dina Ulyanova bildirib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb.

“Düşünürəm ki, bu, əzmkar qələbə idi. Qızlar yorğunluğa baxmayaraq, xarakter nümayiş etdirdilər. Təəssüf ki, son vaxtlar komandamızda zədə dalğası yaşanır. Ancaq əminəm ki, yaxın zamanda hər şey qaydasına düşəcək”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

D.Ulyanova “Neftçi”nin Dünya Qadın Seriyasında liderlər sırasında mövqeyini möhkəmləndirdiyini söyləyib:

“Ardıcıl olaraq yaxşı nəticələr göstəririk. Bu mövsüm əsas hədəflərdən biri sentyabrda keçiriləcək Avropa Kubokudur. Bu yarışa hazırlıqda doğru yolda olduğumuzu sübut edirik”.

Xatırladaq ki, “Neftçi” Marseldəki turnirin final oyununda Kanada seçməsini 15:9 hesabı ilə üstələyib. Yarışın ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun üzvü Erika Karter seçilib.

İdman.Biz