“Sabah” Lazar Spasiçlə üç illik müqavilə imzaladı - RƏSMİ

19 May 2026 13:13
144
“Sabah” Lazar Spasiçlə üç illik müqavilə imzaladı - RƏSMİ

“Sabah” basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə üç illik müqavilə imzalayıb.

İdman.Biz kluba istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi məşqçi kimi başlayıb.

O, 2016-cı ildən etibarən baş məşqçi kimi fəaliyyət göstərərək “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib.

Spasiç 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

Serbiyalı mütəxəssis son olaraq Almaniya Bundesliqasında çıxış edən “EWE Baskets Oldenburg” klubunda baş məşqçi vəzifəsində çalışıb.

Onun məşqçilər korpusuna Anatoliy Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draşkoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

Qeyd edək ki, İdman.Biz daha əvvəl “Sabah”ın serbiyalı mütəxəssislə müqavilə imzalaması barədə məlumat verib.

İdman.Biz