Şəhriyar Əsgərov: “Basketbolçularıma təşəkkür edirəm”

28 Mart 2026 17:52
76
Şəhriyar Əsgərov: “Basketbolçularıma təşəkkür edirəm”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün 20-ci turunda “Naxçıvan”a 96:103 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.

“Biz bilirdik ki, "Naxçıvan"a qarşı oyun çətin olacaq. Çünki onlar güclü komandadır. Balanslaşdırılmış heyətə malikdir. Onları təbrik edirəm. Pley-off mərhələsinə 2-ci pillədən qatılacaqlar. Yəqin ki, "səkkizliy"ə qalacaqlar. Bizim də məqsədimiz qalib gələrək, pley-off mərhələsində yenidən onlarla oynamaq idi. Amma bu oyunu basketbolçuların səhvi nəticəsində sonda uduzduq. Texniki səhvləri nəzərdə tuturam. Foul etməyə gecikdilər. Rəqibdə üç xallıq atış etdi. Biz də texniki foul zamanı lazım olan xalı ata bilmədik. Matç da overtayma getdi. Orada isə oyunçuları dəyişə bilmədik. Üç oyunçumuz 40 dəqiqə meydanda oldu. Bu da özü böyük faktordur. Kris Klark 5 foulla meydanı vaxtından əvvəl tərk etdi ki, bu da təsir etdi. Bütün bu məsələləri göz önünə gətirəndə, demək olar ki, bu gün bizim günümüz deyildi. Kris Kuns texniki fouldan sonra cərimə atışını dəqiq yerinə yetirsəydi, yəqin ki, oyunu udacaqdıq, oyun bu vəziyyətə gəlməyəcəkdi. Yorğunluq da öz sözünü dedi. Basketbolçularıma təşəkkür edirəm. Əllərindən gələni etdilər. Rəqibimiz güclü idi. Pley-in mərhələsində yolumuza davam edirik. Yəqin ki, rəqibimiz A qrupundan "Şəki" komandası olacaq. Onlara qarşı da bu cür mübarizə aparıb qalib gəlməyə çalışacağıq ki, "səkkizliy"ə qalaq. Basketbolçularıma təşəkkür edirəm və yolumuza davam edirik”, - deyə o, bildirib.

İdman.Biz