Basketbolda tarixi an: Aleks Karuzo blok etmək üçün krosovkadan istifadə etdi - VİDEO

18 Mart 2026 14:09
101
Basketbolda tarixi an: Aleks Karuzo blok etmək üçün krosovkadan istifadə etdi - VİDEO

“Oklahama”nın müdafiəçisi Aleks Karuzo NBA-nın bu mövsümündə yəqin ki, ən qeyri-adi və gülməli hərəkətinə imza atıb.

İdman.Biz xəbər verir ki, “Orlando” ilə qarşılaşmanın ikinci hissəsində krosovkası ayağından çıxan Karuzo oyunu dayandırmaq əvəzinə, inanılmaz bir yola əl atıb.

Krosovkasını əlinə alan Karuzo rəqib oyunçu Tristan da Silvanın turnikə atışını məhz həmin ayaqqabı ilə bloklamağa çalışıb. Hərəkət texniki baxımdan uğurlu alınsa da - yəni topu dəf edə bilsə də - qaydalar buna icazə vermir.

Hakimlər bu vəziyyəti iki səbəblə cəzalandırıblar: 1) Krosovka rəsmi oyun ləvazimatı və ya bədənin bir hissəsi sayılmadığı üçün rəqibə birbaşa iki xal verilib. 2) Karuzo meydançada kənar əşyadan istifadə etdiyi üçün texniki folla cəzalandırılıb.

Beləliklə, Karuzonun bu “yaradıcı” müdafiəsi rəqibə bir hücumda üç xal (iki xal və bir cərimə atışı) qazandırıb. Maraqlıdır ki, matçdan sonra verdiyi müsahibədə Karuzo bunun qaydalara zidd olduğunu bilmədiyini etiraf edib:

“Əlimdə ayaqqabı olanda ağlıma gəldi ki, oyunu dayandırmaq üçün ondan istifadə edim. Üç xala başa gələcəyini bilsəydim, yəqin ki, etməzdim”.

Qeyd edək ki, bu qəribə hadisəyə baxmayaraq, “Oklahama-Siti Tander” matçı 113:108 hesabı ilə qazanaraq pley-off mərhələsinə vəsiqəni təmin edən ilk komanda olub.

İdman.Biz