Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda yüksək nəticə göstərib. Turnir boyunca inamlı oyun nümayiş etdirən yığmamız yarışı gümüş medallarla başa vurub.
İdman.Biz xəbər verir ki, millimiz final yolunda dünyanın ən güclü komandalarından biri olan ABŞ seçməsini dramatik mübarizədə 22:20 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib.

Finalda Niderland yığması ilə üz-üzə gələn basketbolçularımız rəqibə müqavimət göstərsələr də, qarşılaşma 12:21 hesablı məğlubiyyətlə yekunlaşıb. Bu nəticə ilə komandamız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnirin qalibi olan Niderland seçməsi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.
12:11
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda tarixi uğura imza atıb. Yığmamız yarımfinalda dünya basketbolunun nəhənglərindən olan ABŞ seçməsini məğlub edərək finala yüksəlib.
İdman.Biz xəbər verir ki, olduqca gərgin keçən qarşılaşma komandamızın 22:20 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə Azərbaycan millisi turnirin həlledici oyununda iştirak hüququ qazanıb.
Finalda rəqibimiz Kanada və Niderland komandaları arasındakı digər yarımfinal matçının qalibi olacaq.
09:55
Taylandın paytaxtı Banqkokda basketbolun 3x3 növü üzrə FİBA Çempionlar Kubokunun həlledici mərhələsi keçirilməkdədir. Turnirin sonuncu günündə yarımfinal və final oyunları baş tutacaq.
İdman.Biz xəbər verir ki, B qrupunda ikinci yeri tutan Azərbaycanın qadın millisi yarımfinalda ABŞ komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 10:15-də başlaması planlaşdırılıb.
Yığmamızın heyətində Erika Karter, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Brianna Freyzer yer alıblar.
Digər yarımfinal cütlüyündə isə Kanada və Niderland seçmələri mübarizə aparacaqlar. Bu görüşlərin qalibləri finalda çempionluq uğrunda, məğlub tərəflər isə bürünc medallar üçün yarışacaqlar.
Qeyd edək ki, qrup mərhələsində basketbolçularımız Kanada (10:16), Tayland (21:8) və İspaniya (16:11) kollektivləri ilə qarşılaşıblar. Çempionlar Kubokunun qalibi olan komanda 2027-ci il dünya çempionatına, növbəti Çempionlar Kubokuna və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının təsnifat turnirinə birbaşa vəsiqə qazanacaq.
basketbol, FİBA, Banqkok, Azərbaycan millisi
