“İslamiadada çempionluğu daha dörd il uzatmaq istəyirik” - Dina Ulyanovanın İDMAN.BİZ-ə ŞƏRHİ

Xəbərlər
17 Noyabr 2025 17:49
48
“İslamiadada çempionluğu daha dörd il uzatmaq istəyirik” - Dina Ulyanovanın İDMAN.BİZ-ə ŞƏRHİ

Bu gün Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol yarışları başlayır. Azərbaycan millisinin qadın komandası turnirə ikiqat çempion statusu ilə başlayır və uğuru davam etdirməyi hədəfləyir.

Komandanın ən təcrübəli basketbolçularından biri olan Dina Ulyanova matçların startı ərəfəsində fikirlərini İdman.Biz-lə bölüşüb.

“Mövsümün payız mərhələsi kifayət qədər intensiv keçir – Avropa çempionatında və Dünya Liqasının finalında gümüş medal qazandıq, indi isə növbədə İslamiadadır. 3x3 yarışlarında kiçik fasiləmiz olmuşdu və biz bu oyunlara çox darıxmışıq. Ona görə də əhval-ruhiyyəmiz çox yaxşıdır. Sentyabr ayındakı uğurlu çıxış bizi mövsümü yüksək səviyyədə başa vurmağa motivasiya edir. Buna görə də hədəf - qızıl medal uğrunda mübarizədir”, - Ulyanova vurğulayıb.

O bildirib ki, İslamiadanın ikiqat qalibi statusu yarışlar başlamazdan öncə əlavə motivasiya verir. “Bu nailiyyətləri nəzərə alaraq, həmin titulu ölkəmizdə daha dörd il saxlamaq istəyirik. Anlayırıq ki, Konya Oyunlarından sonra 3x3 basketbolunun səviyyəsi bütün ölkələrdə daha da yüksəlib, buna görə rəqibləri qiymətdən salmaq olmaz. Amma ilk oyundan peşəkarlığımızı göstərməli və turnirin sonunadək bu səviyyəni qoruyub saxlamalıyıq. Düşünürəm ki, uğurun açarı da elə budur”, - Ulyanova əlavə edib.

Basketbolçu, həmçinin, yarışın reqlamenti haqda danışıb: “Qrupda üç oyun keçirəcəyik, bundan sonra iki komanda birbaşa yarımfinala yüksələcək. Sürünməyə vaxt yoxdur - bizi üç gün ərzində çox gərgin mübarizə gözləyir. Bəzi rəqibləri əvvəlki turnirlərdən tanıyırıq, digər komandalarla bağlı məlumatı isə məşqçi hazırlayıb. Qazanmaq hamının istəyidir, lakin qalib o olacaq ki, hər saniyə 100 faiz qızıl medala can atacaq”, - deyə, Dina Ulyanova sözlərini yekunlaşdırıb.

Azərbaycanın qadın 3x3 millisi - D. Ulyanova, həmçinin Aleksandra Mollenhauer, Brianna Freyzer və Tatyana Deniskinanın yer aldığı komanda bu gün Ər-Riyadda iki oyun keçirəcək. Əvvəlcə Səudiyyə Ərəbistanına qarşı oynayacaq, daha sonra Türkiyə ilə görüşəcək.

Zəki Feyzullayev

İdman.Biz

Məqalədə: