ABF-nin baş katibi yığmada baş məşqçi dəyişikliyinə aydınlıq gətirib - MÜSAHİBƏ

Müsahibə
7 Dekabr 2023 17:21
432
ABF-nin baş katibi yığmada baş məşqçi dəyişikliyinə aydınlıq gətirib - MÜSAHİBƏ

Azərbaycanın Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimovun İdman.biz saytına müsahibəsi

- Azərbaycanın kişi basketbolçulardan ibarət yığmasında baş məşqçi dəyişikliyi edildi. Əcnəbi mütəxəssisin yerli ilə əvəzlənməsi nə ilə bağlı idi?

- Serbiyalı baş məşqçi Aleksandar Trifunoviç ilə bizim müqaviləmiz uzun müddətli deyildi. O, yalnız Maltada keçirilən Avropa çempionatı dövründə millimizə baş məşqçilik etməsi üçün gətirilmişdi. Müqaviləsinin müddəti başa çatdıqdan sonra yollarımız ayrıldı. Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi qərar verdi ki, bu post Tahir Baxşıyevə həvalə olunsun. Çünki o yerli məşqçidir. Azərbaycan Basketbol Liqasında çıxış edən bütün oyunçuları tanıyır. Bəziləri onun tələbəsi, bəziləri isə komanda yoldaşı olub.

- Serbiyalı baş məşqçinin yığmadakı fəaliyyətini necə dəyərləndirirsiniz?

- Onun komandanı hazırlaması müddəti qısa bir dövrdə baş tutdu. Bu səbəbdən serbiyalı baş məşqçidən böyük gözləntimiz yox idi. Lakin çox yaxşı məşqçidir. Buna görə də, onun barəsində pis bir fikir söyləyə bilmərəm.

- Əgər yaxşı baş məşqçi idisə onunla yola davam etmək olmazdı?

- O, bizim basketbolçuları yaxından tanımırdı. Buna görə də əlaqə baxımından çətinlik çəkirdi. Lakin yerli məşqçi ilə komandanın daha çox uğur qazanacağını düşündük. Bu səbəbdən də yerli baş məşqçinin gətirilməsinə üstünlük verdik.

- Yeni məşqçilər korpusunun qarşısına nə kimi hədəflər qoyulub?

- 2024-cü ilin fevral ayının 22-də və 25-də dünya çempionatının seçmə mərhələ çərçivəsində ardıcıl olaraq Kosova və İsveçrə yığmaları ilə oyunlarımız olacaq. Əsas məqsədimiz bu matçları qələbə ilə başa vurub, növbəti mərhələyə keçməkdir. Bütün planlarımızı bunun üzərində qurmuşuq.

- Yığmanın hazırkı durumu nə yerdədir?

- Kişilərdən ibarət yığmaya baş məşqçi yeni təyin olunub. Komandaya yeni basketbolçuların gətirilməsi ilə də Tahir Baxşıyev məşğul olacaq. Təbii ki, qarşılaşmalardan öncə təlim-məşq toplanışları keçiriləcək. Bu proses ərzində seçilən oyunçulardan ibarət komandamız artıq matçlarda ölkəmizi təmsil edəcək.

- Azərbaycan çempionatının gedişini necə dəyərləndirərsiniz?

- Azərbaycan çempionatı çox maraqlı şəkildə davam edir. Komandalarımızın səviyyəsi artıb. Ötən illə müqayisədə aradakı fərqi görmək mümkündür. "Neftçi”, “Sabah”, NTD İNDİQO, “Xəzri” arasında önəmli oyunlar bizi gözləyir. Sözün əsl mənasında, hər biri keyfiyyətli oyun nümayiş etdirir.

Banuçiçək Hüseynli
İdman.biz