Azərbaycanın “LANDAU Lions” klubunun ABŞ və Litva vətəndaşlığı daşıyan basketbolçusu Arnas Sakenis FIBA Avropa Kubokunun qrup mərhələsində Slovakiyanın “Prievidza” komandasına 84:108 hesabı ilə məğlubiyyəti şərh edib.
O, İdman.Biz-ə müsahibəsində qarşılaşma zamanı yol verilən səhvlərdən, Avropa basketboluna uyğunlaşmaq prosesindən və Azərbaycanda yaşamaq təəssüratlarından danışıb.
“Etibarlı müdafiə oluna bilmədik. Rəqibin çoxlu üçxallıq atışları dəqiq yerinə yetirməsinə və 100-dən çox xal toplamasına imkan verdik. Yerli azarkeşlərin müəyyən təzyiqi var idi, amma oyun zamanı bunu elə də hiss etmirdik. Yalnız həlledici anlarda bu təsir özünü göstərirdi. Qarşıdakı “Bakken Birs”lə matça hazırlaşarkən psixoloji cəhətdən daha yaxşı köklənməyə və səhvlərimizi düzəltməyə çalışırıq. Məqsədimiz daha uğurlu nəticə əldə etməkdir”, – deyə basketbolçu bildirib.
“Azərbaycan klubları üçün Avropa yarışları yeni təcrübədir”
Legioner bu mövsüm Azərbaycan klublarından heç birinin avrokubokların əsas mərhələsində hələ qələbə qazana bilməməsinə də münasibət bildirib. Onun fikrincə, yerli komandalar Avropa turnirlərinin xüsusiyyətlərinə uyğunlaşmaq üçün zamana ehtiyac duyurlar.
“Azərbaycan klubları üçün Avropada çıxış etmək yeni təcrübədir. Onlar hələ bu yarışların xüsusiyyətlərini anlamalıdırlar. Axı Azərbaycan klublarının bir çoxu nisbətən yaxın vaxtlarda yaranıb”, – deyə Sakenis qeyd edib.
Basketbolçu özü üçün də Avropa təcrübəsinin yeni olduğunu vurğulayıb. Bu il NBA draftında seçilməyən Sakenis yay liqasında “Mayami Hit”in heyətində çıxış edib. Onun sözlərinə görə, “LANDAU Lions” onun üçün dünyanın ən güclü basketbol çempionatına keçmək üçün tramplin rolunu oynaya bilər.
“Hələ öz oyunumdan tam razı deyiləm, üzərində işləməli olduğum məqamlar var. Bu, Avropada ilk mövsümümdür və yerli basketbol üslubuna uyğunlaşıram. Bununla belə, əminəm ki, komandamız mövsüm ərzində inkişaf etməyimə kömək edəcək.
NBA-nın yay liqasına qayıtmaq, orada yenidən oynamaq və ya bəlkə də NBA-da çıxış etmək istəyirəm. Düşünürəm ki, “LANDAU Lions” statistik göstəricilərimi yaxşılaşdırmağa, inkişaf etməyə və karyeramda növbəti addımı atmağa mütləq kömək edəcək. Ümid edirəm ki, gələn il yenidən NBA-nın yay liqasında iştirak edəcəyəm”, - deyə Sakenis bildirib.
“Azərbaycanda yeməkləri çox bəyəndim”
Basketbolçu Azərbaycanda yaşamaq təəssüratlarını da bölüşüb. Onun sözlərinə görə, Bakıya ilk dəfə gəlib və indiyədək Avropada olmayıb.
“Bakıda ilk dəfədir oluram. Əvvəllər Avropada heç vaxt olmamışam. Hələlik Azərbaycanda hər şey xoşuma gəlir. Xüsusilə yerli yeməkləri çox bəyənmişəm. Burada hər şeyin nisbətən ucuz olması da xoşuma gəlir”, – deyə o əlavə edib.
Sakenis Azərbaycan Basketbol Liqasının (ABL) səviyyəsini də dəyərləndirib. “LANDAU Lions” yerli çempionatda bu mövsüm iki oyun keçirib: son çempion “Sabah”a 74:84 hesabı ilə uduzub, NTD-ni isə 102:68 hesabı ilə məğlub edib.
“ABL-də diqqətimi çəkən məqam odur ki, hər oyunun əhəmiyyəti var və qarşılaşmaların taleyi çox vaxt son dəqiqələrdə həll olunur. Meydanda fiziki mübarizə güclüdür və hər komanda qələbə üçün əlindən gələni edir”, – deyə basketbolçu fikrini yekunlaşdırıb.
Qeyd edək ki, “LANDAU Lions” hazırda Slovakiyadadır və orada növbəti avrokubok matçına hazırlaşır. Komanda oktyabrın 21-də Bakı vaxtı ilə saat 20:30-da Danimarkanın “Bakken Birs” klubu ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi mövsümə FIBA Çempionlar Liqasının təsnifat mərhələsində başlayıb. Latviya “VEF Riqa”sına 88:105 hesabı ilə məğlub olduqdan sonra komanda FIBA Avropa Kubokunun G qrupunda mübarizəni davam etdirib. Lakin burada da uğurlu start götürə bilməyib: ilk oyunda İsveçrənin “Lions de Jenev” klubuna 83:105 hesabı ilə uduzub.
