Badminton üzrə Azərbaycan Universitetlərinin Birləşmiş Komandası Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Saratov Dövlət Universiteti ilə oyuna çıxıb.
İdman.biz xəbər verir ki, komandamız rusiyalı tələbələri 3:2 hesabı ilə məğlub edib.
Oyunda Nigar Əliyeva (şəxsi), Nərmin Şərifova və Nigar Əliyeva (qoşa), Rəvan Niftəliyev və Nərmin Şərifova (qarışıq cütlük) fərqləniblər.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
İdman.biz