Federasiyanın baş katibi Azərbaycan badmintonunun legionerlərdən nə vaxt imtina edəcəyini açıqlayıb – İDMAN.BİZ-in MÜSAHİBƏSİ

11 Sentyabr 2026 13:00
103
Federasiyanın baş katibi Azərbaycan badmintonunun legionerlərdən nə vaxt imtina edəcəyini açıqlayıb – İDMAN.BİZ-in MÜSAHİBƏSİ

Son vaxtlar Azərbaycan badmintonunda bir sıra mühüm hadisələr baş verir. Bir tərəfdən, ölkəni təmsil edən legioner badmintonçular son dünya və Avropa çempionatlarında gözlənilən nəticələri göstərə bilməyiblər. Digər tərəfdən isə yerli gənc badmintonçuların inkişafı istiqamətində fəal iş aparılır.

Gənc idmançılar beynəlxalq turnirlərdə medallar qazanır, ölkə daxilində isə onların təcrübə toplaması üçün yeni imkanlar yaradılır. Bu baxımdan Bakıda ilk dəfə Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvimində yer alan “Azerbaijan Junior Open” turnirinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan badmintonunun hansı istiqamətdə inkişaf edəcəyi, legionerlərdən imtina planı, onları əvəz edə biləcək yerli badmintonçular və bir sıra digər məsələlərlə bağlı İdman.Biz Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərovla danışıb.

– Son dünya və Avropa çempionatlarında legioner badmintonçularımızın çıxışını necə qiymətləndirirsiniz?

– Təbii ki, nəticələri qənaətbəxş hesab etmək olmaz. Buna baxmayaraq, püşkdə bəxtimizin gətirdiyini də söyləyə bilmərik. Bunu ona görə deyirəm ki, pley-off yolunda nisbətən münasib rəqiblərlə qarşılaşsaydıq, bəlkə də təmsilçilərimiz daha çox irəliləyə bilərdilər. Amma digər tərəfdən, bu idmandır və nəticəni öncədən təxmin etmək mümkün deyil. Dünya və Avropa çempionatlarında zəif badmintonçu yoxdur. Rəqibin gücündən asılı olmayaraq, hər zaman öz oyununuzu sərgiləməlisiniz.

– Legionerlərimizin gözlənilən nəticələri göstərə bilmədiyini nəzərə alsaq, federasiya onlarla əməkdaşlığı davam etdirəcəkmi?

– Bildiyiniz kimi, növbəti Olimpiya Oyunlarına lisenziya verən təsnifat dövrünün başlamasına az vaxt qalıb. Həm Edi Reski Dviçayo, həm də Keişa Fatimə Zəhra Parisdə keçirilən dördilliyin zirvə yarışında ölkəmizi təmsil edib. Los-Anceles Olimpiadasına da lisenziya qazana bilmək üçün adıçəkilən badmintonçularımızın xidmətindən yararlanmaq niyyətindəyik.

– Bəs ümumilikdə, legionerlərdən imtina edib əsas diqqəti yerli idmançılara yönəltməyə nə qədər yaxınıq?

– Bu istiqamətdə fəal iş aparılır. Məqsədimiz 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında yerli badmintonçu ilə təmsil olunmaqdır. Hazırda 15-17 yaşlarında Leyla Camalzadə və Ülvi Hüseynov kimi yeniyetmə badmintonçularımız var. Onlar artıq bir neçə beynəlxalq turnirdə mükafatçılar sırasında yer alaraq yaşlarına baxmayaraq kifayət qədər beynəlxalq oyun təcrübəsi toplayıblar. Düşünürəm ki, hər iki badmintonçumuzun potensialı gələcəkdə daha yüksək səviyyəli yarışlarda medallar uğrunda mübarizə aparmağa imkan verir.

– Gənc badmintonçularımız son vaxtlar Batumidə, daha əvvəl isə Bakıda keçirilən yarışda medallar qazanıblar. Gənclər arasında badmintonun inkişafını necə qiymətləndirirsiniz?

– Azərbaycan Badminton Federasiyası olaraq hazırda uşaq və yeniyetmə badmintonuna kifayət qədər diqqət ayırırıq. Son olaraq avqustda ilk dəfə Bakıda yeniyetmə badmintonçular arasında beynəlxalq turnir keçirildi. Xüsusilə oğlanların qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandeminin finalda ABŞ təmsilçilərini məğlub etdiyi görüş çox gərgin və dramatik alındı.

Turnirdə doqquz ölkədən 64 badmintonçu iştirak edib və yarış iştirakçıları təşkilatçılıqdan razı qalıblar. Dünya Badminton Federasiyasının rəsmi təqvimində yer alan "Azerbaijan Junior Open" turnirini davamlı olaraq ölkəmizdə keçirmək niyyətindəyik. Bu cür yarışlar uşaq və yeniyetmə idmançılarımızın inkişafı, badmintonun kütləviliyi və təşviqi baxımından önəmlidir.

Batumidə keçirilən beynəlxalq turnirdə isə U11, U13 və U15 kateqoriyalarında badmintonçumuz beş qızıl, dörd gümüş və səkkiz bürünc medal qazanıb. Bizim üçün bu yaş kateqoriyalarında nəticə prioritet sayılmasa da, qeydə alınan göstəricilər gələcəyə nikbin baxmağa əsas verir.

– Gənc və yeniyetmə badmintonçuların inkişafı üçün hazırda hansı layihələr həyata keçirilir?

– Beynəlxalq əməkdaşlığa xüsusi önəm veririk. Nümunə olaraq, Azərbaycan Badminton Federasiyası ilə Malayziya Badminton Federasiyası arasında mövcud əməkdaşlıq memorandumu çərçivəsində Ülvi Hüseynov, Əmirxan İmanov kimi bir neçə badmintonçumuz Petronas Malayziya Badminton Akademiyasında təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyələrini artırıblar. Gələcəkdə də təkcə idmançılarımızın deyil, məşqçi və hakimlərimizin də beynəlxalq kurslara göndərilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq işlər davam etdiriləcək.

– Bəs badmintonun Azərbaycanda daha da populyarlaşması üçün hansı işlər görülür?

– Cari ildən başlayaraq ölkəmizdə uğurla tətbiq olunan "Shuttle Time" proqramı yenidən icra olunur. Bu, BWF-in dəstəyi ilə həyata keçirilən, əsasən 6-12 yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuş əyləncəli, oyun əsaslı təlim sistemidir. Layihə çərçivəsində regionlarda idman müəllimlərinə badmintonun təməl qaydaları öyrədilir, məktəblilər arasında bu idman növünə maraq oyadılır və gənc məşqçilər yetişdirilir. Bundan əlavə, federasiya tərəfindən ölkə ərazisində uşaqlara və yeniyetmə badmintonçulara 10 min ədəd raketka paylanılacaq.

– Regionlardan danışmışkən, bu idman növü ölkənin hansı bölgələrində daha sürətli inkişaf edir?

– Bu məsələ böyük rol qeyd etdiyim "Shuttle Time" təşəbbüsü oynayır. Bu layihə həmçinin federasiya tərəfindən ayrılan məşqçilərin bölgələrə səfəri zamanı seleksiya xarakteri daşıyır. Cari ildən başlayaraq Gəncə, Lənkəran, Şirvan və Balakəndə tətbiq olunan layihə çərçivəsində onlarla məktəbli və idman müəllimi badmintonla tanış olublar.

May ayında Quba Olimpiya İdman Kompleksində 15 yaşadək badmintonçular arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib. Ölkəmizdə badmintonun coğrafiyasını genişləndirmək məqsədilə mütəmadi olaraq müxtəlif regionlarda idman yarışlarının və tədbirlərin keçirilməsi bizim üçün prioritet məsələdir. Bu gün Ülvi Hüseynov kimi yeniyetmə badmintonçumuz Gəncə badmintonunun yetirməsidir. Ölkə çempionatında da Gəncə, Quba, Qusar və Lənkərandan badmintonçular iştirak edirlər.

– Federasiyanın ilin sonuna qədər əsas hədəfləri nələrdir?

– İlin sonuna kimi yeniyetmə və gənc badmintonçularımızın təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, strateji planımızda yer alan "Talent Finder" proqramının tətbiqi ölkə üzrə istedadlı badmintonçuların aşkar edilməsi baxımından əhəmiyyət daşıyır.

Fevralda ənənəvi olaraq hər il ölkəmizdə keçirilən "Azerbaijan International" turnirinə hazırlıqlara artıq indidən start verilib. Azərbaycan Badminton Federasiyası olaraq autizmli və daun sindromlu uşaqlar üçün də davamlı badminton məşqləri təşkil edirik. Noyabrın 18-22-də Milli Gimnastika Arenasında daun sindromlu uşaqlar arasında Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək. Məqsədimiz badmintonu hamı üçün əlçatan idman növünə çevirməkdir.

İdman.Biz