Azərbaycanın gənclərdən ibarət badminton millisinin üzvləri Misirin paytaxtı Qahirədə təşkil olunan “BWF Youth Athlete Development Camp 2026” beynəlxalq inkişaf düşərgəsində iştirak ediblər.
İdman.Biz xəbər verir ki, Dünya Badminton Federasiyasının (BWF) təşkil etdiyi iki günlük proqrama 15 ölkədən 95-dən çox gənc badmintonçu qatılıb.
Düşərgə çərçivəsində “Shuttle Time Youth Leadership” və Beynəlxalq Olimpiya Komitəsinin “IOC Athlete365+ Self-Discovery” proqramları üzrə təlimlər keçirilib. İştirakçılar liderlik, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirib, həmçinin texniki və taktiki hazırlığa yönəlmiş praktiki məşqlərdə iştirak ediblər.
Azərbaycanı düşərgədə Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadə təmsil ediblər.
Gənc badmintonçularımız Qahirədə təşkil olunan “VICTOR BWF World Junior Team Championships 2026” komandalararası dünya çempionatında da mübarizə aparıblar.
Millimiz qrup mərhələsində İndoneziya və Şri-Lankaya 0:2, pley-off görüşlərində isə Qanaya 1:2, Bolqarıstana 0:2 hesabı ilə məğlub olub. Sloveniya üzərində 2:1, Zambiya üzərində isə 2:0 hesablı qələbə qazanan Azərbaycan yığması dünya çempionatını ümumi sıralamada 40-cı pillədə tamamlayıb.
