Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən “Cameroon International 2026” turnirində qızıl medal qazanmaq üçün çox çalışıb.
O, “International Challenge” seriyalı yarışla bağlı təəssüratlarını bölüşüb.
“İlk növbədə bu turnirdə qalib gəldiyim üçün çox sevincliyəm. Çünki bu nəticə üçün çox çalışmışam. Amma bilirəm ki, hələ də üzərində işləməli və inkişaf etdirməli olduğum məqamlar var. Bu turnirdə özümə daha çox inanmağa çalışdım, çünki qarşıma qoyduğum müəyyən hədəflər var. Həmçinin emosiyalarımı idarə etməyə və nəticə haqqında çox düşünməməyə çalışdım, xüsusilə də finalda. Finalda daha çox nəticə haqda çox düşünməməyə çalışdım, çünki özümü stressə salmaqdan qorxurdum. Sadəcə, oyundan zövq almağa, diqqətimi qorumağa və məşqçimin məsləhətlərinə qulaq asmağa çalışdım. Düşünürəm ki, bu mənə çox kömək etdi. Çünki daha sərbəst oynaya bildim və diqqətimi yalnız hər xala yönəltdim”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
K.F.Zəhra bu günə qədər ona daim dəstək olduqları, inandıqları üçün federasiya və məşqçilər heyətinə təşəkkür edib:
“Mənim üçün etdikləri hər şeyə görə onlara minnətdaram. Məni daim dəstəkləyən hər kəsə təşəkkür edirəm. Sizin dəstəyiniz mənə daha çox motivasiya verir ki, çalışmağa davam edim. Ümid edirəm ki, bu qələbə mənə daha da inkişaf etmək üçün motivasiya olacaq. Qarşıma qoyduğum çoxlu hədəflər var. Buna görə də daha çox çalışacağam və ümid edirəm ki, gələcəkdə yenidən daha çox turnirdə qalib gələ biləcəyəm”.
Xatırladaq ki, Keişa Fatimə Zəhra turnirin final görüşündə BƏƏ idmançısı Prakriti Bharathanı 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.
