Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri başa çatıb.
İdman.Biz xəbər verir ki, 18 ölkədən idmançıların qatıldığı turnirdə yeddi kateqoriya üzrə 24 divizionda mübarizə gedib. Ümumi medal sayına görə Azərbaycan təmsilçiləri birinci yeri tutublar.
İdmançılarımız 10 divizionda çıxış edərək iki qızıl, üç gümüş və beş bürünc medal olmaqla, ümumilikdə 10 mükafat qazanıblar.
Qadınlar arasında qoşa yarışda Aybəniz Xasməmmədova və Adilə Rəsulova bürünc medal əldə ediblər. Birləşmiş qoşa yarışda Nigar Kərimova və Həcər Nuriyeva I divizionda qızıl medala layiq görülüblər.
Kişilər arasında birləşmiş qoşa yarışda Yusif Bağırov və Ülvi Hüseynov I divizionda gümüş medal qazanıblar. Qoşa yarışda Əli Əsədov və Rafiq Həsənzadə III divizionda bürünc medala sahib olublar. Maksim Maliqin və Ülvi Musayev isə dördüncü yeri tutublar.
Qadınlar arasında fərdi yarışda Aybəniz Xasməmmədova IV divizionda qızıl, Adilə Rəsulova isə gümüş medal qazanıb. Nigar Kərimova II divizionda dördüncü olub.
Kişilərin fərdi yarışında Yusif Bağırov VII, Rafiq Həsənzadə VIII divizionda bürünc medala layiq görülüblər. Əli Əsədov X divizionda gümüş, Ülvi Musayev isə həmin divizionda bürünc medal əldə edib. Maksim Maliqin IX divizionda dördüncü yeri tutub.
