Morteza Validarvi: “Airbadminton komandamız qızıl medal qazana bilər”

19 Oktyabr 2026 18:18
149
Morteza Validarvi: “Airbadminton komandamız qızıl medal qazana bilər”

“Azərbaycanın Airbadminton komandası növbəti yarışlarda qızıl medal qazana bilər”.

Bunu Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.

O, Airbadminton yığmasının Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən Avropa çempionatındakı uğurlu çıxışından danışıb.

“Biz artıq ikinci ildir ki, açıq havada oynanılan Airbadminton üzrə Avropa çempionatında iştirak edirik. Bakıda keçirilən ilk qitə birinciliyinin qarışıq komanda yarışında finala kimi irəliləyərək gümüş medal qazandıq. Bu dəfə isə Yunanıstanda qadınların üçlü kateqoriyasında bürünc medal əldə etdik. Bakıda keçirilən Avropa çempionatı ilə müqayisədə bu dəfə iştirakçı ölkələrin sayı daha çox idi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Morteza Validarvi komandada orta yaş həddinin aşağı olduğunu vurğulayıb:

“Uğurlu çıxışımızın sayəsində dünya çempionatında iştirak hüququ qazandıq və bir daha göstərdik ki, Airbadmintonda uğurlu çıxış etmək potensialımız yüksəkdir. Düşünürəm ki, gələcəkdə bürünc medalı qızıla çevirə bilərik. Bunun üçün komanda üzvlərinin qum üzərində daha çox birlikdə məşq etməsinə ehtiyac var. Çünki bizim heyətimizdə yer alan badmintonçular daha çox zalda oynayırlar. Sevindirici məqam odur ki, qız badmintonçularımızın orta yaşı aşağıdır. Heç 20 yaş deyil. Bu isə o deməkdir ki, qarşıdakı 10 il ərzində bizim Airbadmintonda çox güclü komandamız formalaşa bilər”.

Mütəxəssis Türkiyə ilə yarımfinal görüşünün çətin keçdiyini, həmçinin Airbadmintonun Azərbaycanda inkişafı üçün görüləcək işləri də diqqətə çatdırıb:

“Türkiyə ilə yarımfinal görüşü çətin alındı. Bir qədər təcrübə də çatmadı. Ümumilikdə Airbadminton badmintonun yeni qoludur. Amma burada çox böyük perspektiv görünür. Biz də istəyirik ki, bu sahədə də uğurlu olaq. Məşqçi, idmançı, hakim yetişdirək. Airbadmintonun ölkəmizdə inkişafı üçün müvafiq şərait yaradaq və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldıraq”.

Xatırladaq ki, Avropa çempionatında Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət Azərbaycan yığması qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

İdman.Biz