Cənubi Koreyanın olimpiya çempionu An Se Yonq badmintonun qadınlar arasında fərdi yarışlarında beynəlxalq titulların sayına görə tarixi rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı Danimarkanın Odense şəhərində keçirilən Denmark Open turnirinin qalibi olaraq karyerasında 47-ci titulunu qazanıb.
Dünya reytinqinin lideri finalda yaponiyalı Akane Yamaquçini gərgin mübarizədən sonra 21:23, 21:14, 21:18 hesabı ilə məğlub edib.
Həlledici qarşılaşma kifayət qədər dramatik keçib. İlk setdə uduzan koreyalı idmançı üçüncü setdə də 5:11 hesabı ilə geridə olsa da, oyunun gedişini dəyişməyi və qələbə qazanmağı bacarıb.
Bu uğur sayəsində An Se Yonq İndoneziyanın əfsanəvi badmintonçusu Susi Susantinin rekordunu geridə qoyub. 1997-ci ildə karyerasını başa vuran Susanti 46 beynəlxalq titul əldə etmişdi.
Beynəlxalq Badminton Federasiyası (BWF) bildirib ki, müvafiq statistika 1989-cu ildən aparılır və regional kompleks idman yarışlarında qazanılan titullar bu hesablamaya daxil edilmir.
An Se Yonq artıq 105 həftədir dünya reytinqinə başçılıq edir. O, cari mövsümdə doqquz fərdi beynəlxalq turnirin qalibi olub. Bunlardan altısı BWF World Tour yarışlarına, digərləri isə dünya çempionatı, Asiya çempionatı və Asiya Oyunlarına təsadüf edib.
Koreyalı badmintonçunun 2026-cı ildəki nəticələri də diqqət çəkir. O, keçirdiyi 62 görüşün 61-də qələbə qazanıb. Yeganə məğlubiyyətini mart ayında nüfuzlu All England Open turnirinin finalında çinli Van Çjiyiyə qarşı yaşayıb.
An Se Yonq yeni uğurlara imza atmaq niyyətində olduğunu gizlətmir. İdmançının sözlərinə görə, rekordlar qırmaq arzusu ona əlavə motivasiya verir. Bununla belə, o, hər dəfə diqqətini yalnız qarşıdakı oyuna yönəltməyə çalışır.
Danimarkadakı qələbə koreyalı idmançının Denmark Open turnirində ardıcıl ikinci çempionluğu olub. O, həmçinin Akane Yamaquçiyə qarşı qələbə seriyasını on oyuna çatdırıb.
