Misirin paytaxtı Qahirədə təşkil olunan “BWF Youth Athlete Development Camp 2026” beynəlxalq inkişaf düşərgəsində 15 ölkədən 95-dən çox gənc badmintonçu iştirak edib. Onların arasında perspektivli azərbaycanlı idmançı Leyla Camalzadə də yer alıb. Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərov daha əvvəl İdman.Biz-ə müsahibəsində gələcəkdə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəyinə ümid bəslədiyi idmançılardan biri kimi onun adını çəkib.
Leyla Camalzadə Qahirədə keçirilən inkişaf düşərgəsi və komandalararası dünya çempionatı ilə bağlı təəssüratlarını İdman.Biz-lə bölüşüb.
“Düşərgə mənim üçün olduqca maraqlı və faydalı təcrübə oldu. Müxtəlif ölkələrdən olan idmançılarla birgə məşq etmək, yeni insanlarla tanış olmaq və biliklər qazanmaq mənə böyük zövq verdi. Ən çox yadda qalan məqam isə beynəlxalq səviyyədə məşq etmək, digər idmançılardan və məşqçilərdən yeni bilik və bacarıqlar öyrənmək imkanı oldu.
Bu proqram çərçivəsində müxtəlif mövzularda təlimlər də keçirildi. Xüsusilə taktiki hazırlıq, oyun zamanı düzgün qərarların qəbul edilməsi və psixoloji hazırlıqla bağlı seminarlar mənim üçün maraqlı oldu. Bu təcrübə mənə bir daha göstərdi ki, badminton təkcə fiziki hazırlıqdan ibarət deyil. Bu idman növündə strateji düşünmək, çətin vəziyyətlərdə soyuqqanlılığı qorumaq və özünə inanmaq da olduqca vacibdir”, - deyə o vurğulayıb.

Camalzadə, həmçinin Azərbaycanın 40-cı yeri tutduğu “VICTOR BWF World Junior Team Championships 2026” komandalararası dünya çempionatı barədə danışıb.
“Hər görüşdə maksimum gücümüzü ortaya qoymağa, sona qədər mübarizə aparmağa çalışdıq. Hesab edirəm ki, nəticədən asılı olmayaraq, hər bir görüş idmançıya dəyərli beynəlxalq təcrübə qazandırır. Öz çıxışıma gəlincə, bu yarış mənə hansı istiqamətlərdə daha çox inkişaf etməli olduğumu görmək imkanı verdi. Qarşıdakı dövrdə üzərimdə işləməyə davam etmək və daha yaxşı nəticələr qazanmaq istəyirəm”, - deyə o bildirib.
İdmançımız beynəlxalq yarışlarda daha yaxşı çıxış etmək üçün komandanın, onun fikrincə, hansı istiqamətlərdə çalışmalı olduğunu da açıqlayıb:
“Düşünürəm ki, komandamızın inkişaf üçün böyük potensialı var. Bununla belə, beynəlxalq arenada daha yaxşı nəticələr əldə etmək üçün oyunumuzda sabitliyi artırmalı, taktiki hazırlığımızı təkmilləşdirməli və çətin vəziyyətlərdə düzgün qərarvermə bacarığımızı inkişaf etdirməliyik. Eyni zamanda, daha çox beynəlxalq yarışda iştiraka ehtiyacımız var. Bu, həm təcrübə qazanmaq, həm də güclü rəqiblərlə qarşılaşmalarda özümüzə inamı artırmaq baxımından vacibdir”.
Sonda Leyla Camalzadə öz üzərində çalışmağa və oyununu təkmilləşdirməyə davam edəcəyini bildirib: “Azərbaycanı layiqincə təmsil etmək, nüfuzlu turnirlərdə iştirak etmək və yeni uğurlara imza atmaq istəyirəm. Başa düşürəm ki, bütün bunlara nail olmaq üçün müntəzəm məşq, intizam və əzmkarlıq lazımdır. Buna görə də öz üzərimdə səylə çalışmağa davam edəcəyəm”.

