17 avqustda Azərbaycanın badminton üzrə milli komandasının üç üzvü Hindistanın Yeni Dehli şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
İdman.Biz xəbər verir ki, dünya çempionatının ilk günündə iki azərbaycanlı badmintonçu kişilər arasında fərdi yarışda, bir idmançımız isə qadınlar arasında fərdi turnirdə korta çıxıb.
Kişilər arasında fərdi yarışda Azərbaycan millisinin lideri Edi Reski Dviçayo isveçli Qustav Byorklerə qalib gəlib. İlk seti 14:21 hesabı ilə uduzan azərbaycanlı badmintonçu növbəti iki setdə 21:17 və 21:18 hesablı qələbə qazanaraq görüşü öz xeyrinə başa vurub.
Beləliklə, Dviçayo 1/16 finala yüksəlib. O, avqustun 19-da bu mərhələdə yaponiyalı Yuşi Tanaka ilə qarşılaşacaq.
Azərbaycanın digər təmsilçisi Dikki Dvi Panqestu isə turnirdə mübarizəni dayandırıb. O, 1/32 finalda dünya reytinqinin 4-cü pilləsində qərarlaşan danimarkalı Anders Antonsenə 19:21, 17:21 hesabı ilə məğlub olub.
Qadınlar arasında fərdi yarışda Keyşa Fatimə Zəhra da növbəti mərhələyə vəsiqə qazana bilməyib. O, 1/32 finalda Danimarka təmsilçisi Mia Bliçfeldtə 18:21, 4:21 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı 23 avqustda başa çatacaq.
