Hindistanın Yeni Delhi şəhərində keçiriləcək badminton üzrə dünya çempionatı öncəsi təşkilatçılar qeyri-adi təhlükəsizlik tədbirinə əl atıblar.
İdman.Biz xəbər verir ki, yarışın keçiriləcəyi İndira Qandi Qapalı Stadionunun ərazisinə rezus makakalarının daxil olmasının qarşısını almaq üçün lanqur (meymun növü) səslərini təqlid edə bilən xüsusi mütəxəssislər işə götürülüb.
Bu qərarın səbəbi əvvəlki yarışlarda yaşanan problemlərdir. Yanvarda keçirilən “India Open” turniri zamanı vəhşi meymunlardan biri idman kompleksinin ərazisinə daxil olub. Həmin yarışda göyərçinlərin meydançanı çirkləndirməsi səbəbindən oyunların dayandırıldığı hallar da yaşanıb.
Təşkilatçıların cəlb etdiyi mütəxəssislər lanqurların qışqırıq və xəbərdarlıq səslərini təqlid edərək makakaları stadiondan uzaqlaşdırmağa çalışacaqlar. Bu üsul heyvanlara zərər vermədən onları qorxutmaq məqsədi daşıyır.
Bununla yanaşı, arenada quşlarla bağlı problemlərin qarşısını almaq üçün də əlavə tədbirlər görülüb. Stadionun dam və ventilyasiya hissələrinə göyərçinlərin qonmasının qarşısını alan zərərsiz xüsusi gel tətbiq olunub.
Hindistan Badminton Assosiasiyasının baş katibi Sancay Mişra bildirib ki, “India Open” zamanı yaranan problemlər aradan qaldırılıb və Badminton Dünya Federasiyası görülən hazırlıq işlərindən tam razıdır.
Badminton üzrə dünya çempionatı 17-23 avqust tarixlərində Yeni Delhidə keçiriləcək.
