“Turan Tovuz” bəyanat yayıb: "Verilməyən penalti, sayılmayan qol..." - VİDEO

Xəbərlər
21 Oktyabr 2023 15:07
152
“Turan Tovuz” bəyanat yayıb: "Verilməyən penalti, sayılmayan qol..." - VİDEO

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la ev oyununda hakim idarəçiliyindən narazı qalıb.

İdman.biz xəbər verir ki, Tovuz təmsilçisi bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, “Turan Tovuz” olaraq Premyer Liqada keçirdikləri ilk oyundan bugünədək heç vaxt hakimliklə bağlı haqlı və ya haqsız irad və etiraz etməyiblər: “Lakin mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza verilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər olan xallarımızın itirilməsi ilə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha da narahat edir. Gənc hakimlərin təyinatını hər zaman alqışlamışıq və onların futbolumuzun inkişafında öz töhfələrini verəcəyinə inanmışıq. Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da sadəcə son oyundan videogörüntüləri təqdim edirik”.

Bəyanatda bütün rəqiblərə hörmətlə yanaşıldığı da vurğulanıb: “Hər hansı üstünlük, ayrıseçkilik tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik!
1. Topu aşkar şəkildə rəqibə vurmaq sarı vərəqə deyilmi?
2. VAR sistemi olmasına baxmayaraq, top havada ikən hakimin fit çalması və təmiz qolu qeydə almaması nə dərəcədə doğrudur?
3. Qapımıza vurulan ikinci qoldan öncə Belajdi Pusiyə qarşı edilən hərəkət cərimə zərbəsi deyilmi?”

Qeyd edək ki, 2:2 hesabı ilə yekunlaşan matçda baş hakim Fərid Hacıyev olub.

İdman.biz