“Qarabağ”la ilk, Azərbaycanda 14-cü - TƏHLİL

Təhlil
12 Fevral 2024 13:10
687
“Qarabağ”la ilk, Azərbaycanda 14-cü - TƏHLİL

Azərbaycan Premyer Liqasının XXII turunun açılış oyunu məhsuldar heç-heçə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, ötən mövsümün qızıl və gümüş mükafatlarını qazanan “Qarabağ”la “Sabah” hərəyə üç qol vursa da, heç biri üç xal qazanmayıb.

3:3 hesablı heç-heçə nadir təsadüf olunan nəticə olsa da, Azərbaycan çempionatları üçün nə ilk, nə də rekorddur. Əvvəl güclülər dəstəsi, sonradan Premyer Liqa adlanan yarış bu nəticəni də, daha məhsuldar sülhlər də görüb.

Masallıdakı unudulmaz qol şousu

Azərbaycan çempionatları tarixinin əm qollu heç-heçəsi 1998/99 mövsümündə baş tutub. “Viləş”lə “Turan”ın duelində 12 qol vurulub. 6:6 hesabı ilə başa çatan qarşılaşmadan 25 il ötsə də, görüşlə bağlı söz-söhbət qalmaqdadır.

1999-cu il aprelin 25-də keçirilən matçın danışılmış olduğu, Alay Bəhramovun bombardirliyinə hesablandığı iddiaları heç vaxt səngiməyib. Lakin Masallıdakı görüşün ədalətli oyun prinsiplərini pozması da təsdiqlənməyib.

Həmin oyun Azərbaycan çempionatları tarixinin ən bolqollu bərabərliyi kimi yadda qalıb. “Qarabağ”la “Sabah”ın birlikdə vurduğu qol sayını həmin vaxt hər komanda təkbaşına rəqib qapısından keçirib.

Qaxdakı ilk

Hər iki komandanın ən azı üç qol vurduğu, lakin heç birinin qalib gəlmədiyi ilk matç 1992-ci ildə baş tutub. İlk ölkə çempionatının yeganə məhsuldar sülhü Qaxda baş tutub.

Həmin görüşdə “Kürmük” “Kəpəz”i qəbul edib. 1992-ci il iyunun 1-dəki dueldə 8 qol vurulub.

4:4 hesabı ilə başa çatan qarşılaşma çempionatın tarixində ikinci ən qollu sülhdür. Qaxdakı rekord yalnız 7 ildən sonra Masallıda qırılıb.

Yenə “Sabah”

Tofiq Bəhramov adına Respublika stadionundakı 3:3 hesabının qeydə alınması ilə təkcə cari deyil, son iki mövsümün ən məhsuldar heç-heçəsi gerçəkləşib. Sonuncu belə nəticə 2021/22 mövsümündə yaşanmışdı.

2021-ci il noyabrın 6-da Bakı derbisində rəqiblər hərəyə üç qol vurub. İndiki kimi yenə tərəflərdən biri “Sabah” olub.

Amma 27 ay əvvəlki görüşdə onlar qonaq yox, ev sahibi kimi meydana çıxıblar. Rəqib isə “Zirə” olub. İkinci dəfə “6+”lik qarşılaşmada 1 xal qazanan “Sabah”dan fərqli, “Qarabağ” 32 illik çempionatlar tarixində belə bərabərliyə ilk dəfə imza atır.

14-cü dəfə

Ümumiyyətlə isə tarixdə 14-cü dəfə çempionatımızın matçında tərəflərin ən azı 3 qol vurmaqla sülh etməsi qeydə alınıb. 6:6 və 4:4 hesablarının yaşandığı yarışda 12-ci dəfə 3:3-ə təsadüf olunub.

İlk belə hesab 1994/95 mövsümündə gerçəkləşib. Sumqayıt “Xəzər”i Neftçala “Pambıqçı”sı ilə qol yağışı yağdırıb. Həmin mövsümün “Bakı fəhləsi” – “İnşaatçı” (Bakı) oyununun da nəticəsi eyni olub. Bu, iki bolqollu sülhün olduğu yeganə mövsümdür.

Tarixə düşən və köçən “Turan”

Məhsuldar heç-heçələr üzrə mütləq rekord “Turan”a məxsusdur. Artıq tarixin yaddaşına köçən klub dörd belə matç keçirib.

Hesabında 6:6 da olan Tovuz təmsilçisi üç dəfə 3:3 hesablı sülhə imza atıb. 1995/96 mövsümündə “Kəpəz”, 1999/2000-də “Şəmkir”, 2009/10-da AZAL-la qarşılaşmalar üç qol və 1 xalla əlamətdar olub.

“Kəpəz”in hesabında həm 4, həm 3 qol vurub heç-heçə etdiyi oyunlar var. “Bakı”, “Karvan”, AZAL, “Qəbələ” isə “Sabah” kimi iki dəfə 3:3 hesabının qeydə alınmasında iştirak edib.

Vüqar Xeyrullayev
İdman.biz