Ukraynalı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib

22 Sentyabr 2026 10:43
25
Ukraynalı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib

“Araz-Naxçıvan” futbol komandası baş məşqçi postuna ukraynalı Yuri Maksimovu gətirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu “TaToTake”yə istinadən məlumat yayıb.

Bildirilir ki, 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.

Maksimov Azərbaycan futboluna tanış simadır. O, 2017-2018-ci illərdə “Keşlə”ni çalışdırıb və komandanı 2017/18 mövsümündə Azərbaycan Kubokunun qalibi edib.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının altı turundan sonra iki xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. Klub uğursuz nəticələrdən sonra baş məşqçi Cavid Hüseynovla yollarını ayırıb.

Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və “Vorskla” kimi klublarda da çalışıb. Maksimovun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. O, 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna Kubokunun finalına çıxarıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb.

İdman.Biz