“Gərgin oyun olacağını bilirdik. Bizi çətin qarşılaşmanın gözlədiyini anlayırdıq. “Şəfa” da, biz də turnir cədvəlinin son pillələrində qərarlaşmışıq. Çox istəyirdik ki, bu oyunda qələbə qazanaq. Təəssüf ki, istəyimizə nail ola bilmədik. Nəticə artıq bəllidir. Başa düşürük ki, “Şəfa” da xal itirmək istəmirdi, çünki bu qarşılaşma onlar üçün də çox vacib idi. Amma düşünürəm ki, oyun belə nəticələnməməli idi”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanskinin səfərdə “Şəfa” ila 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının 11-ci tur matçından sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Qollar vursanız da, komandan qələbə qazana bilmirsiniz. Bu, hücumçu olaraq sizə necə təsir edir?
– Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, qol vurursansa və komandan qələbə qazanırsa, bunun dadı tamam başqadır. Belə olanda qolunun sevincini daha çox yaşaya, qələbənin ləzzətini çıxara bilirsən. Amma nəticə istədiyin kimi olmayanda bir qədər məyus olursan. Qol vurursan, ancaq komanda qalib gəlmirsə, sevincini tam yaşaya bilmirsən.
– Qollarınızla yanaşı, elə “SOCAR Polymer Arena”da “Sumqayıt”a 1:2 hesabı ilə uduzduğunuz səkkizinci tur matçında qırmızı vərəqə də aldınız.
– Həmin epizodda istəmədən sürüşdüm. “Sumqayıt”la oyunda da ot örtüyünün bir qədər sürüşkən olduğunu görmüşdük. Bu dəfə də meydanın vəziyyəti belə idi. Düzdür, həmin epizoddan əvvəl bir sarı vərəqə almışdım. İki dəqiqə keçməmiş sürüşdüm və ikinci sarı vərəqəni alaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldım.
– Premyer Liqada beş qol vurmusunuz və azərbaycanlı futbolçular arasında bombardir sizsiniz. “Şəfa”ya qol vurduqdan sonra sanki milli komandaya dəvət almamağınızla bağlı mesaj göndərdiniz.
– Xeyr, mesaj yox idi. Amma açığı, milli komandaya dəvət gözləyirdim. Nə qədər olsa da, klubumuz turnir cədvəlinin ən aşağı pilləsində qərarlaşsa da, statistik göstəricilərim yaxşı idi. Artıq 22 yaşım var və U-21 yığmasına çağırılmağım mümkün deyil. Bundan sonra yalnız əsas milliyə dəvət almaq üçün çalışacağam. Baş məşqçi Ayxan Abbasovun qərarına hörmətlə yanaşıram. Daha çox çalışıb qollarımı artırmağa səy göstərəcəyəm. Növbəti dəfə əsas millinin heyətində yer alaram.
– “Neftçi” artıq çempionatın lideridir. Komandaya qayıtmaq istərdinizmi?
– Mən “Araz-Naxçıvan”da icarə əsasında çıxış edirəm. Bir illik icarə müqaviləm başa çatdıqdan sonra yenə “Neftçi”nin sərəncamında olacağam. Qərarı artıq onlar verəcəklər.
